Porsche şirkəti Top 5 seriyasından olan növbəti videoçarxı dərc edib. Bu çarxda alman markası transaxle* sxemi ilə ötürmələr qutusuna sahib olan öndənmühərrikli modellərdən danışılır. Bu siyahıya sonradan Porsche 924 və 968 modellərinə çevrilmiş EA 425 layihəsi də daxil edilib.

Transaxle transmissiyası ilk dəfə 1976-cı ildə Porsche 924 modelində debüt edib. Porsche modellərində transaxle quruluşu mühərrikin öndə, ötürmələr qutusu ilə baş ötürmənin arxada yerləşdirilməsini nəzərdə tutur. Mühərrikin gücü arxa quraşdırılmış qutuya ötürmə valı vasitəsi ilə ötürülürdü. Bu sxem çəkinin optimal bölüşdürülməsini və neytral dönməni təmin edirdi. Porsche üçün transaxle erası 1995-ci ildə başa çatıb və həmin ana buraxılmış  avtomobillərin sayı 400 minə çatıb. 

Lakin Porsche bu sahənin pioneri sayılmır. Transaxle sxeminə sahib olan ilk avtomobil Skoda Popular adlı kiçik ailə avtomobili olub. Bu modeli 1934-cü ildə buraxmağa başlayıblar. Sonradan bu sxem Lancia Aurelia (1950-1958) modelində tətbiq edilib.

Transaxle quruluşuna malik olan ilk Porsche modeli Volkswagen şirkətinin EA 425 layihəsinin əsasında yaradılmış 924 modeli olub. EA 425 modeli 1974-cü ildə istehsala hazır olsa da, Volkswagen şirkəti neft böhranı səbəbi ilə layihədən imtina edib.

*Transaxle termini ingilis transmission (transmissiya) və axle (aparıcı körpü) sözlərinin birləşməsindən yaranıb. Bu sxemdə ötürmələr qutusu və baş ötrümə konstruktiv olaraq bir gövdədə birləşdirilir. Trabnsaxle mühərrikdən ayrı və ya bir blokda quraşdırıla bilər.