Formula 1 çempionatının Bakıda keçən dördüncü mərhələsi başa çatıb. Yerli azarkeşlər növbəti avtoidman bayramını bir il gözləməli olacaqdırlar. Qeyd etmək lazımdır ki, son illərdə keçirilmiş yerli qran primiz hər zaman güclü emosiyalar doğuran hadisələr ilə yadda qalıb. Xatırladaq ki, Bakı küçələrində keçirilən ilk mərhələ Avropa Qran Prisi adı ilə baş tutmuşdu. O zaman, həmin yarış elə avropsayağı sakit tərzdə keçmişdi.

Mərhələrinin Azərbaycan Qran Prisi adlandırılması ilə yarışlarda emosiya və həyəcan qatılmış oldu. Çox uzağa getmək istəmirəm – 2017-ci ildə Fettel və Həmilton, keçən il isə Rikkardo ilə Ferstappen arasında yaşanan hadisələr uzun müddət dillərə dastan oldu. Əlbəttə ki, belə emosional yarışlardan sonra bu il də hər kəs Azərbaycan Qran Prisinin, Renault komandasının pilotu Niko Hülkenberqin təbiri ilə desək, “crazy race” olacağını gözləyirdi. Alman pilotla sıralamalardan sonra görüşümüzdə sabahkı yarışa olan proqnozunu soruşduqda -“Bakıda yarış dəlisovcasına keçir, hər şey ola bilər, proqnoz vermək çox çətindir”, - cavabını aldıq.

Əslində bu dəlisovluq özünü artıq elə ilk sərbəst yürüşlərdə büruzə verdi – Corc Rasselin (Williams) bolidini darmadağın etmiş kanalizasiya qapağı bu il uzun müddət danışılan, müzakirə edilən mövzulardan olacaqdır. Bu hadisə ilk sərbəst yürüşlərin dayandırılması, sonradan isə, yürüşlərdən imtina edilməsi nəticələnmişdi. Əslində, bu hadisədən ziyan görən təkcə Qrouv komandası deyildi – bu hadisədən bütün komandalar zərər görümüşdü.

Səbəbini açıqlayım. Məlumdur ki, sərbəst yürüşlər komandalara bolidləri mövcud olan şəraitə adaptasiya etmək və düzgün tənzimləmələri axtarmağa imkan verir. Sıralamalara və yarışa hazırlaşmağa kömək edir. Bir sərbəst yürüşdən imtina komandaları əlverişsiz vəziyyətə salmışdı. Üstəlik, digər iki sərbəst yürüşlərdə də qəzalar komandaların işini çətinləşdirmişdi. Soyuyan asfalt komandalara şinlər haqqında məlumat toplamağa imkan verməmişdi. Əsas məsələ təkərlərin iş rejiminə çatdırılması və onların lazımi səviyyədə qızdırılmasını müəyyən etmək üçün gərək olan vaxt məhdudlaşmış oldu. Hətta, Pirelli komandasının başçısı Mario İzola da bu hadisələr nəticəsində komandaların şinlər barədə gərəkli olan məlumatı toplamadığını etifar edib.

Renault Motosport başçısı Siril Abitebul da eyni fikirdə idi. Bazar günü yarış öncəsi görüşümüzdə komanda rəhbəri ilə fransız komandasının qarşılaşdığı problemləri müzakirə edərkən, o, şinlər haqqında məlumatın kasadlığından və bu səbəbdən tənzimləmələrdə problemlər yaşandığından şikayət edib.

Digər tərəfdən sıralamalarda yaşanan qəzalar da yarışın taleyinə ciddi təsir edib – belə ki, həftəsonunun favoriti sayılan Ferrari pilotu Şarl Lekler də asfaltın temperaturunun düşməsinin qurbanı olmuşdu. Sonrakı hadisələr Leklerin bu səhvinin yarışın taleyinə ciddi şəkildə təsir göstərdiyini sübut etdi.

Yarışın startı gözlənildiyinin əksinə çox sakit və hadisəsiz keçdi. Hər kəs ilk döngədə qəzaları gözləyərkən, pilotlar özlərini çox təmkinli aparmağa üstünlük veriblər. İlk anlarda Bottas və Həmilton liderlik uğrunda çəkişsələr də, pouldan start almış fin pilot komanda yoldaşını arxada saxlamağı bacardı və sonradan ondan uzaqlaşmağa müvəffəq oldu. Döğrudur, gözlənilən qəzalar olmasa da, yarışda çoxsaylı ötmələr qeydə alınıb. Əsasən də 8-ci yerdən start alan Lekler 10-culuğa qədər geriləməsinə baxmayaraq uğurlu ötmələr edərək dördüncü yerə qədər yüksəlib, liderlərin pit-stopa yollaması ilə uzun müddət yarışa liderlik də edib.

Lakin, Ferrari komandası bu dəfə də Fettelin mənafelərini qorumağa üstünlük verdi və monakolunun pit-stopunu gecikdirdi. Pirelli tərəfindən verilmiş məlumatda komandaları tək pit-stop strategiyasını seçdiyini, Soft (qırmızı) təkərlər ilə start alanların 25-ci, Medium (sarı) təkərlərilə isə 26-cı dövrədən başlayaraq pitə yollanacağı ehtimal edilirdi. Şarlın ikinci mövqedə olan Bottasdan 11 saniyə üzərində üstünlüyünün olmasına baxmayaraq, komanda onu 34-cü dövrəyə kimi pitə çağırmadı. Əgər vaxtında təkərlər dəyişilsədi, Leklerin Ferstappendən öndə çıxmaq şansı da mövcud idi.

Yarışda hadisələr əlbəttə ki oldu. Bu yarışa damğasını vuran hadisə isə yarışın ortasında baş verdi – Daniil Kvyatı üstələmək istəyən Daniel Rikkardo döngəyə girəməyəcəyini görüb avtomobili düz sürərək “cibə” daxil oldu və Kvyatın önünü qapatdı. Sonra isə, arxa ötürməni qoşub “cibdən” çıxmağa çalışan avstraliyalı, arxaya hərəkət etməyə çalışan Kvyatın avtomobilini vurdu. Bu qəza sonradan hər iki pilotun yarışdan çəkilməsi ilə nəticələndi. Əlbəttə ki, sosial şəbəkələr bu hadisəyə ani olaraq reaksiya verdi və Barselonada Renault arxa görütnü kamerasının quraşdırılacağı barədə mem yayılmağa başladı.

Yarış isə, demək olar ki, başladığı kimi bitdi – yəni ilk dördlüyün düzülüşündə heç bir dəyişiklik olmadı. Açığını desəm, yarışın belə sakit keçməsi nəinki azarkeşləri, hətta pilotları da qane etməyib. Lakin, atalar demişkən olan olub, keçən keçib. Nəticə - Mercedes komandası Bakıda dubl edərək növbəti rekorda imza atıb. Ardıcıl olaraq dörd yarışı dubl ilə bitirən alman komandası mövsüm arasında yaxşı işlədiyini bir daha sübut edib – almanlar pilotlar və komandalar birinciliyinə inamlı şəkildə liderlik edirlər. Bu templə Mercedes komandası çempionatın ekvatorunda ən azından Konstruktorlar Kubokunu qazanmaq şansına malikdir.

Onların italiyalı rəqibi isə ardıcıl olaraq problem yaşamağa davam edir. Ferrari komandası hələlik öz bolidinin potensialından yararlana bilmir – Scuderia, hətta üstünlüyə malik olduğu yarışları uduzmaq qabiliyyətinə sahibdir. Güc nisbətinə gəldikdə isə, McLaren buxovlarından azad olan Honda Red Bull Racing komandasını dözümlü və güclü aqreqatlar ilə təmin etməyə başlayıblar. Çox güman ki, bu əməkdaşlığın nəticəsi gələn il daha nəzərə çarpan olacaqdır. Peletonun ortasında vəzyiyyət bir qədər mürəkkəbdir – burada mübarizə aparan komandalar biri-birlərinə çox yaxındırlar.  

Beləliklə, Bakıda keçirilən yarışdan sonra Valtteri Bottas bir xal fərqi ilə liderliyə yüksəlib. Beşqat dünya çempionu Lyuis Həmilton komanda yoldaşına aman vermək fikrində deyil – britanilyalı pilot Bakıda keçirilən mətbuat konfransında ikinci olmağı sevmədiyini bildirib. Ulduzu yavaş-yavaş sönən Sebastyan Fettel isə üçüncü yerdə qərarlaşıb. Onu bir xal fərqlə Maks Ferstappen təqib edir.

Komandalar birinciliyinə 173 toplayan Mercedes başçılıq edir. Ferrari isə 99 xalla ikincidir. Red Bull Racing 64 xalla üçüncüdür. Dünəndən başlayaraq komandalar növbəti mərhələnin keçiriləcəyi İspaniyaya üz tutublar.