Dünən Bakıda keçirilən Azərbyacan Qran Prisinin təsnifat mərhləsinin qalibi Valtteri Bottas olub. Fin pilot Bakı halqasını 1.40,495 zamanla qət edərək poulun sahibi olub. Bu gün onunla birlikdə ilk sıradan start alan pilot onun komanda yoldaşı Lyuis Həmilton olacaqdır. Britaniyalı pilot komanda yoldaşından 0,059 saniyə yavaş olub.

Əlbəttə ki, Bakı treki səhvləri bağışlamayan trek olduğunu bir daha sübut etdi. Sıralamanın ilk seqmentində Williams komandasının polşalı pilotu Robert Kubitsa çempionatın ən dar döngəsində avtomobilini divara çırpıb. Bolidin təxliyəsi və baryerlərin bərpa edilməsi üçün sessiya dayandırılıb. Təsnifat mərhələsinin ikinci seqmentində eyni yerdə Ferrari komandasının gənc pilotu Şarl Lekler də qəza törədib. Poula ən çox iddialı olan gənc monakolu sıralamanı tərk edib. Lakin, ikinci seqmentdə göstərdiyi zaman sayəsində Şarl sabahkı yarışı 10-cu yerdən başlamaq şansını əldə edib.

Ferstappen də sıralamada yaxşı çıxış edib. Sabah o Fettel ilə birlikdə ikinci sıradan start alacaqdır. Üçüncü sıradan yarışı başlayacaq pilotlar Peres və Kvyatdır. Norris, Covinazzi Raykkonen də ilk onluğa daxil olmağı bacarıblar.   

Bu günki yarışa gəldikdə isə, təsnifat mərhələsindən sonra Renault komandasının alman  pilotu Niko Hülkenberqlə müsahibə zamanı o Bakıdakı yarışların "dəlisovcasına" keçdiyini və sürprizlərə açıq olduğunu bildirib.