Bakı küçələrində keçirilən Formula 1 yarışları hər zaman sürprizlərlə doludur. Bu il keçirilən yarış da istisna deyil. Əlbəttə ki, dünən və çox güman ki, yaxın bir ay ərzində sosial şəbəkələrdə ən çox müzakirə edilən mövzu birinci sərbəst yürüşlərdə Corc Rasselin avtomobilini sıradan kanalizasiya qapağı olacaqdır. Bu hadisə nəinki Williams komandasına, həmçinin digər komandalara da zərər vurmuş oldu.

Rasselin bolidi ciddi xəsarət aldığından gənc pilot ikinci sərbəst yürüşlərə də qatıla bilmədi. Avtomobilin şassisinin zədələnməsi ingilis komandasını ehtiyat avtomobili yığmağa məcbur edir. Beləliklə, ilk sessiya 300 kanalizasiya qapağının yoxlanılmasına sərf edildi. İkinci sessiya isə tam vaxtında başladı.

Məlumdur ki, trekimizin hamar səthi şinlərin aşınmasına ciddi təsir göstərməsə də, onların temperaturunun iş rejiminə çatdırılmasında çətinliklər yaradır. Üstəlik, dünən hava da sərin idi. Bu səbəbdən də pilotlar çoxlu səhvlərə yol verirdilər. Bunun əyani sübutu Lens Strolun və Daniil Kvyatın qəzaları və pilotların «ciblərə» girməsidir.

Günün yeyin pilotlarına gəldikdə isə, protokola Ferrari komandasının gənc pilotu Şarl Lekler başçılıq edib. O, Bakıdakı dövrəni 1:42.872 zamanla başa vurub. Sebastyan Fettel komanda yoldaşından 0,324 saniyə yavaş olub. Beşqat dünya çempionu Lyuis Həmilton isə liderdən 0,669 saniyə geridə qalıb. Mercedes və Ferrari pilotlar arasında güc nisbəti bu gün keçiriləcək sonuncu sərtbəst yürüşlərdə aydın olmalıdır. Ondan sonra isə, bizi sabah keçiriləcək yarışın start düzülüşünü müəyyən edəcək  təsnifat mərhələsi gözləyir.