Beləliklə, Barselonada keçirilən mövsümöncəsi testlərin səkkiz günü arxada qalıb. Bu müddət ərzində pilotlar, hətta, qarlı hava şəraiti ilə də üzləşiblər. Doğrudur, onlar ənənəvi olaraq bir ağızdan testlərdə göstərilən zamanların elə bir mahiyyət kəsb etmədiyini söyləsələr də, müşəhidə etdiyimiz digər faktorlar komandaların mövsüm arasındakı fəaliyyətləri barədə müəyyən nəticələrə varmağa imkan verir.

Buna misal olaraq, keçən həftənin liderlərindən biri olan Kimi Rəykkoneni göstərmək olar. Fin pilot göstərdiyi zamanla qane olmayıb və daha yeyin ola biləcəyini bildirib. Bütün pilotlar bu iki həftə ərzində 7978 dövrə vurublar ki, bu da 38 min kilometr edir. Bu məsafə yer kürəsini bir dəfə dövrələməyə kifayət edər məncə. Bəs bu sınaqlardan sonra hansı nəticəyə gəlmək olar?

Ferrari pilotları Barselona trekinin qeyri-rəsmi rekorduna imza atıblar. Üstəlik, Kimi Rəykkonen də daha yeyin ola biləcəklərini bildirib. Rəqiblərdən heç kim onlara yarım saniyə belə yaxınlaşa bilməyib. Lakin, bunların heç bir mənası yoxdur. Bu faktlar heç də Scuderia Ferrari komandasının yeni şassisinin peletondakı ən yeyin şassi olduğuna dəlalət etmir.

Sebastyan Fettel 2008-ci ildə Felipe Massa tərəfindən qeydə alınmış rekordu 1,2 saniyə üstələyib. Kimi Rəykkonen isə komanda yoldaşından 0,039 saniyə geridə qalaraq «qırmızıların» tempini təsdiq edib. Təəssüflər olsun ki, bu heç nədən xəbər vermir, çünki «Skuderiyanın» əsas rəqibləri Hypersoft təkərləri ilə təsnifat rejimində praktiki olaraq işləməyiblər. Bu səbəbdən də nəticələr çıxarmaq hələlik tezdir.

Yeni şassinin yaradılması zamanı Breklidə inqilabi deyil, təkamül yoluna üstünlük veriblər. Mercedes bolidinin testlərdəki çıxışına diqqət yetirsək, vacib təkmilləşdirmələrin olduğuna qənaət gətirmək olar. Alman komandasının pilotları da yeni avtomobildən çox razıdırlar.

Əgər yeni şassinin döngələrdəki stabilliyinə nəzər salsaq, avtomobilin sələfi ilə müqayisədə özünü daha yaxşı apardığını görürük. Barselonada Lyuis Həmilton dongələrdə əyləc basaraq avtomobilin arxa hissəsini istədiyi kimi istiqamətləndirdiyini müşahidə etmək olardı. Bir sözlə rəqiblərə yüngül həyat olmayacaq.

Red Bull Racing komandasının yeni şassisi trassda möhtəşəm görünürdü - əsasən də yeyin və orta sürətli döngələrdə. Lakin, inkişaf tempinə görə avstriyalılar Mercedes komandasından ciddi şəkildə geridə qalırlar. Üstəlik, etibarlılıq nöqteyi nəzərindən qoruyucu rejimində çalışan Renault mühərrikinin məhdudiyyətlərini də nəzərə almaq gərəkdir. Çox güman ki, RBR liderlərə yaxın məsafədə olacaqdır. Lakin, hələlik avstriyalıları qələbəyə namizəd olduqlarını söyləmək mümkün deyil. Əlbəttə, Renault «kəsilmiş» 40-50 at qüvvəsini etibarlılığa xələl gətirmədən qaytara və vəd edilən ERS blokunu quraşdıra bilsə, «Qırmızı öküzlərin» rəqiblərini buynuzlarına keçirmə şansı olacaqdır.

Bununla belə, peletonun ortasına gəldikdə çoxsaylı suallar meydana çıxır. Renault zavod komandası testlərə yaxşı başlasa da, testlərin son günü ötürmələr qutusu ilə yaşanan problem fransızların xeyrinə olmayıb. Force India komandası Melburna geniş yenilənmələr dəsti gətirəcəkdir. Lakin, son iki ildə Konstruktorlar kubokunda dördüncü olan komanda barədə danışmaq tezdir. 

«Qırmızı öküzlərin» İtaliyadakı filialı Toro Rosso Honda ilə bal ayı yaşayır və gələcəyə optimizmlə baxır. İtalyan komandası bu mövsümdə hər yarışda xal yığacaqlarına əmindirlər. Necə deyərlər, yaşıyarıq - görərik.

Williams komandasına gəldikdə isə, müəmmalar nəticələrdən daha çoxdur. Qrouvdan olan kollektiv, azərbaycanlılar demişkən, bu testlərdə « papağını boş yerə günə yandırıb». İngilislər təsnifat üçün ciddi çalışmayıb, uzun yarış məsafəsində də normal işləməyiblər. İstənilən halda, bizə mövsümün ilk yarışını gözləmək qalır.

Haas kollektivi isə hər kəsi təəccübləndirməyi bacarıb.  Amerikalılar testləri Supersoft şinlərində beşinci nəticə ilə başa vurublar. Üstəlik, onlar yarış tempinə görə heç də Force India komandasından geridə qalmayıblar. Bir sözlə, amerikalılardan sürprizlər gözləyirik.

Formula 1 aləmində son zamanlar debüt edən ən istedadlı pilot Şarl Leklerin də bacarıqları Sauber bolidinin problemlərinin üstünü örtməyə yetməyib. Hinvildən olan kollektiv ciddi problemlərlə üz-üzədir. Testlərin son günü moneqask avtomobili ram edə bilməyib və çınqıllığa «uçub». Bu komanda üçün beş saatlıq fasilə ilə nəticələnib.

Şarl baş verən hadisədə özünü günahlandırsa da, bu Sauber pilotlarının günahı ucbatından dalğalanan üç qırmızı bayraqdan biri olub. Beləliklə, isveçrəlilər yeni şassinin idarəolunması sahəsində ciddi problemlərlə qarşılaşıblar.

Mövsümöncəsi sınaqların son gününün son altı dəqiqəsində sensasiya baş verəcəkdir. Bütün günü boksda keçirən Alonso trassda peyda olaraq inanılmaz 1.16,720 zamanına imza atıb. Lakin, sonradan məlum olub ki, Lekleri ötmək istəyən ispaniyalı şikananı kəsib. Buna baxmayaraq, narıncıların göstərdiyi  1.17,784 zamanı McLaren şassinin imkanlarından xəbərə verir. Yeyin olduqlarından şübhə edilməyən kollektiv ciddi inkişaf göstərə bilər. Əlbəttə, vəd etdiyi təkmilləşdirmələr dəstini Melburna gətirərsə...

Hər kəs Romen Qrojanı məşhur şikayətçi kimi tanıyır. Lakin, bu dəfə fransızı dinləmək gərəkdir. Testlər zamanı yeni restart proseduru sınaqdan çıxarılıb. Qırmızı bayraqdan sonrakı restart yerindən və istifadə edilmiş şinlərlə həyata keçiriləcəkdir. Romen belə restartın təhlükəli olduğunu bildirib və soyumuş şinlə startın buz üzərində hərəkətə bənzədiyini bildirib. Buna baxmayaraq Fernando Alonso həmkarı ilə razılaşmayıb. O, hamının eyni şərtlərdə olduğunu bildirib. Eyni, amma hansı?

Maraqlıdır ki, yeni avtomobilləri bir neçə gün ardıcıl müşahidə etdikdən sonra, kokpitin müdafiə sistemi olan «oreol» tamamilə «gözəgörünməz» olub. Baş verən hadisələr bu element ətrafında olan ehtirasları sıfıra endirib.

İnsan yeniliklərə tez uyğunlaşır - hətta, bu elementi fəlakət sayanlar belə ona biganə qalıblar. Belə vəziyyət bu sahədə problemin olmadığından xəbər verir. Əlbəttə, FIA bu sahədə çalışmalara davam etməli və yeni elementin xarıcı görkəmini yaxşılaşdırmalıdır. Lakin, fakt faktlığında qalır - trassda «oreoldan» daha maraqlı və həyəcanverici şeylər də vardır.  

«Əminəm ki, hələlik qeydə almadığımız xırda şeylər vardır», - Pirelli komandasının avtoidman rəhbəri bildirib. Milandan olan şin təchizatçısının Barselonadakı testlərdə kifayət qədər məlumat topladığından əminik. Bununla belə, italyanlar öz məhsullarından sona qədər əmin deyillər. İki yeni şinlə yanaşı Pirelli digər kompaundları də ciddi şəkildə dəyişib. Yeganə dəyişilməyən tərkib Medium qalır ki, bu da keçən ilki Soft təkəridir. Bu səbəbdən də bir çox pilot Melburnda şinlər sahəsində sürprizlər olacağını bildirib. Belə daha maraqlı olacaqdır. Gözləyək - görək.

Müəlliflər: Skott Mitçell və Ed Stro

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt