Çinin Sənaye və Ticarət nazirliyinin bazasında yeni BMW elektrokarının şəkli peyda olub. Yeni elektromobil bizə yaxşı tanış olan i3 indeksini alıb, lakin söhbət qlobal hetçbekin yerli versiyasından deyil, restaylinq keçmiş adi BMW 3 Series sedanının “uzadılmış” versiyasından gedir. Elektrik sedanı adi modellə eyni anda satışa çıxacaq və yerli KİV-lərin məlumatına görə, 250 kilovatt (340 at qüvvəsi) gücündə olan elektrik mühərriki ilə hərəkətə gələcəkdir.

Qlobal bazarda i3 adını əvvəl olduğu kimi, subkompakt hetçbek daşıyır. Onu Leypziqdəki zavodda buraxırlar və plana əsasən bu modelin istehsalı 2024-cü ilə qədər davam etdiriləcəkdir. Hetçbekin varisinin olacağı gözlənilmir, odur ki, i3 indeksini şəkilləri Çinin Sənaye və Ticarət nazirliyinin bazasında dərc edilmiş elektrik BMW 3 Series sedanına verilməsi məntiqli görünür.

Hələlik bir modifikasiya haqqında məlumat var və onun i3 eDrive35 L adlandırılacağı məlumdur. Yerli jurnalistlər elektrokarın 250 kilovatt gücündə elektrik mühərriki və pnevmoasqı ilə təchiz olunacağını iddia edirlər.

Xatırladaq ki, adi G20 sedanı opsional olaraq belə, pnevmoasqı ilə təklif edilmir, lakin pnevmodayaqlar i4 liftbekində və iX krossoverində quraşdırılır. Belə dayaqlar yalnız arxa asqıda quraşdırılırlar, onlar klirensi qoruyur və elektrokarları alman markasına xas olan idarəetmə keyfiyyətləri ilə təmin edirlər.

Çində satılacaq i3 modeli iki ölçüdə təkər diskləri ilə təklif ediləcəkdir – 18 və 19 düymlük. Dizayn cəhətdən elektrik sedanı restaylinq keçmiş sedandan heç nə ilə fərqlənmir. Avtomobilin elektrik mahiyyətini yalnız radiator barmaqlığı və bamperlərdəki mavi aksentlər, habelə buraxılış sisteminin çıxış borularının olmaması biruzə verir.

Əlavə olaraq, avtomobilin ölçülərində də fərq var. BMW i3 eDrive35 L modelinin təkər bazasının uzunluğu 2966 millimetr təşkil edir ki, bu da yenilənmədən öncəki uzunbazalı sedanda olduğundan 30 millimetr, adi sedanda olduğundan isə 115 millimetr çoxdur. Salonun şəkilləri dərc edilməyib, çox güman ki, i3 modelinin interyeri i4 modeli ilə eyni olacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.