Bir müddət bundan öncə, Yaşıllar partiyasının Almaniyanın bütün avtobanlarında 130 km/saatlıq sürət məhdudiyyətinin tətbiq edilməsi barədə təklif irəli sürdükləri barədə xəbər vermişdik. Məlumdur ki, Almaniya Avropa ölkələri arasında yollarda sürət məhdudiyyəti olmayan yeganə ölkədir.

Buna baxmayaraq, Yaşıllar partiyasının təklifi alman Bundestaqı tərəfindən müsbət qarşılanmayıb. Bendestaq, 13009 km uzunluğu olan sürətli alman avtomagistrallarda 130 km/saatlıq sürət məhduduiyyətinin qoyulmasını nəzərdə tutan yeni qanun layihəsinə qarşı çıxıb. Məhdudiyyətsiz avtobanların mövcudluğunun alman avtomobil sənayesinin üstünlüyünü nümayiş etdirməsini nəzərə alsaq, bu təklifin qəbul edilməsi şansları o qədər də yüksək deyildi. Yaşıllar partiyasının deputatları isə sürət məhdudiyyətinin olmamasını “ağılsızlıq” adlandırıblar.

Onların fikrincə, bu hal sürücüləri düşünülməmiş addımlar atmağa sövq edərək, çoxsaylı tələfat olan yol-nəqliyyat hadisələrinin baş verməsinə, həmçinin zərərli tullantıların səviyyəsinin yüksəlməsinə səbəb olur.  Bununla belə, Almaniyanın nəqliyyat naziri vahid sürət məhdudiyyətinin tətbiq edilməsinin “sağlam düşüncəyə zidd olduğunu” bəyan edib.

Bu günə Almaniyanın sürətli avtobanlarının üçdə birində sürət məhdudiyyəti qüvvədədir. Buraya yolların təmiri və qeyri-sabit hava zamanı tətbiq edilən məhdudiyyətlər daxil deyildir.