Chevrolet markasının qlobal model çeşidində artıq iki yığcam krossover var - Tracker və Trailblazer. Artıq onlara daha bir krossover də qoşulub. Chevrolet Seeker modelinin təqdimatı Çində baş tutub və onun yaradılmasında yerli SAIC-GM birgə müəssisəsi aparıcı rol oynayıb. Bununla belə, Seeker krossoverinin qlobal model olacağı da bildirilib. Məsələn, General Motors konserninin baş qərargahının yerləşdiyi Miçiqan ştatının yollarında artıq kamuflyajlı Seeker modellərinə rast gəlinib.

Beləliklə, Chevrolet Seeker krosoveri Chevrolet Trailblazer modelinin böyük qardaşıdır. Ancaq sonuncu yüksək kuzova və brutal dizayna malikdirsə, Seeker tamamilə başqa bir cinsdəndir. Yeni krossoverin uzunluğu 4537 millimetr, eni -  1823 millimetr, təkər bazası isə 2700 millimetrdir. Bu isə, onun Çində satılan Trailblazer modelindən 126 millimetr uzun, 15 millimetr enli olduğunu göstərir. Təkər bazasında da üstünlük Seeker modelinə məxsusdur - onun oxları arasındakı məsafə 60 millimetr daha genişdir. Lakin  Seeker modeli daha alçaqdır: baza versiyasının hündürlüyü 1564 millimetr (- 100 millimetr) təşkil edir.

Həllik yalnız “idman” kuzov dəsti, zəngin qara dekoru və 18-düymlük təkər disklərinə malik olan ən bahalı Seeker RS versiyası təqdim edilib. Ancaq krossoverin modifikasiya çeşidində daha sadə variantlar da olacaqdır - qeyd etmək gərəkdir ki, hətta baza modeli də 17-düymlük təkər diskləri ilə təklif ediləcəkdir. Opsiyalar siyahısında beşinci qapının elektrik ötürməsi və panoram dam var.

Salonun dizaynı bu yaxınlarda təqdim olunmuş Chevrolet Tracker RS krossoveri ilə eyni üslubdadır. Hər birinin diaqonalı 10,25 düym olan iki ekran var, multimedia sisteminin displeyi isə, doqquz dərəcə sürücüyə doğru döndərilib. Multimedia sistemi yeni Xiaoxue əməliyyat sisteminə malikdir, “havadan” yeniləmələri və Apple CarPlay interfeysinin simsiz qoşulmasını dəstəkləyir. Chevrolet Seeker modelinin təchizatına elektriklə tənzimlənən, qızdırılan və havalandırılan ön oturacaqları daxildir.

Chevrolet Seeker RS və Chevrolet Tracker RS krossoverləri eyni güc aqreqatı ilə təchiz edilirlər. Bu, birbaşa püskürtməyə malik olan 1,5-litrlik dördsilindrli turbomühərrikdir. Güc aqreqatı 179 at qüvvəsi hasil edir və variatorla tandemdə çalışır. Krossover alternativsiz ön ötürmə ilə təklif olunur. Digər variantlar haqqında məlumat hələlik mövcud deyil.

Yeni krossover Çindəki istehsalına və satışlarına bu ilin payızında  başlanacaqdır. İlkin məlumata görə, Chevrolet Seeker krossoveri Tracker (17 600 dollardan) və Trailblazer (20 700 dollardan) modellərindən baha olacaqdır. Chevrolet Seeker modelinin digər bazarlara ixracı ilə bağlı məlumat daha sonra veriləcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.