Ford şirkəti sonuncu nəsil GT superkarında quraşdırılan EcoBoost ailəsindən olan 3,5-litrlik V6 mühərrikinin texniki göstəricilərini açıqlamışdır. Mühərrikin gücü 655 at qüvvəsi, fırlanma anı isə 745 Nm təşkil edir.

Superkarın «quru» çəkisi 1360 kiloqram təşkil edir. Ford GT modlinin maksimal sürəti 347 km/saata bərabərdir ki, bu da onu amerikan istehsalı olan ən sürətli seriya avtomobili edir. Bundan başqa, Ford şirkəti Kanadada yerləşən və 20 döngədən ibarət olan  5,05 kilometrlik Calabogie Motorsports Park trekində GT superkarının göstərdiyi zamanı da açıqlamışdır. Superkar bu treki 2 dəqiqə 9,8 saniyəyə qət etmişdir ki, bu da McLaren 675 LT superkarının göstərdiyi zamandan bir saniyə, Ferrari 458 Speciale modelinin zamanından isə 3,1 saniyə yeyindir. Ford şirkəti GT modelini dörd il ərzində istehsal etmək niyyətindədir. Bu müddət ərzində, amerikan istehsalçısı Kanadada yerləşən Multimatic Motorsport şirkətinin ərazisində 1000 ədəd superkar buraxacaqdır. Multimatic Motorsport şirkəti peşəkar yarış avtomobillərinin yaradılmasında ixtisaslaşmışdır.