Nissan 370Z kupesi və roadster ailəsi 2008-ci ildə 350Z modelini əvəz edib. Keçən 12 il ərzində 370Z modelləri yalnız xırda yenilənmələrə məruz qalıb. Lakin, modelə olan tələbatı əvvəlki səviyyədə saxlamaq çətinləşir: məsələn, əsas bazarlardan biri sayılan ABŞ-da son beş ildə illik satış həcmi yeddi mindən iki minə qədər azalıb.

Avropada vəziyyət daha vahimdir: “Köhnə Dünyada“ Nissan 370Z modelləri hər il bir neçə yüz nüsxədə satılır. Nissan nümayəndələri dəfələrlə tamamilə yeni Z modelinin yaradılmasından bəhs ediblər və hətta, onu digər gələcək Nissan modelləri ilə birlikdə rəsmi videoda da göstəriblər. İki həftədən sonra isə, gələcək seriya sportkarının ilk prototipinin debütü baş tutmalıdır.

Yeni sportkara marağı artırmaq üçün, Nissan şirkəti 1969-cu ildə təqdim olunan 240Z modelindən başlayaraq, bu günə qədər buraxılmış bütün Z modellərinin təsvir olunduğui videotizeri yayımlayıb. İkiqapılı modelin konsept avtomobili statusuna sahib olmasına baxmayaraq, gələcək seriya modelindən o qədər də çox fərqlənməyəcəyi ehtimalı vardır.

Təəssüflər olsun ki, bu günə qədər nə avtomobilin xüsusiyyətləri, nə satışlarının başlama vaxtı, nə də indeksləri məlum deyil (idman avtomobilinə Nissan 400Z adı veriləcəyi düşünülür). Konseptin debütü ilə seriya variantının satışlarının başlaması arasındakı zaman kəsiyi gözləndiyindən daha uzun ola bilər.