Avstriyalı dizayner Ervin Leo Himmelin əsasını qoyduğu Hispano Suiza Automobilmanufaktur AG şirkəti Maguari HS1 GTC superkarının buraxılacağını anons edib. 300 nüsxəlik məhdud saylı tirajla buraxılacaq superkar Cenevrə avtosalonunda debüt edəcəkdir. İlk 10 avtomobil markanın seçilmiş müştəriləri arasında bölünəcəkdir.

Avtomobilin dizaynı üzərində Ervin Leo Himmel və Olivye Bulay işləyib. Himmel keçən əsrin 80-90-cı illərində Audi markasının baş stilisti, Bulay isə, Maybach 52 və Maybach 62 modellərinin eksteryerinin yaradıcısı kimi tanınır.

Maguari HS1 GTC superkarı Hispano Suiza Gran Tourismo Coupe konseptinin əsasında yaradılıb. Öz növbəsində 2010-cu ildə təqdim edilmiş konseptin əsasını Audi R8 modeli təşkil edirdi. Konsept Audi sportkarından tamamilə karbondan hazırlanmış kuzovu, titan-alüminiumdan hazırlanmış təkər diskləri və 5,2-ıitrıol V10 mühərrikində quraşdırılmış iki elektrik kompressoru ilə fərqlənirdi.

Yeni superkar alüminium məkanvari ramada inşa edilib. Avtomobilin kuzov panelləri karbondan hazırlanıb. Maguari HS1 GTC modelinin uzunluğu beş metrdən bir qədər uzun, çəkisi isə 1780 kiloqramdır. Lamborghini Huracan modelindən götürülmüş 5,2-litrlik V10 mühərriki iki turbokompressor və iki elektrik kompressoru ilə  təchiz edilib. Güc aqreqatı 1085 at qüvvəsi və 1050 Nm fırlanma anı hasil edir. Mühərrik yeddi pilləli sekvental ötürmələr qutusu ilə tandemdə çalışır. Yerində 100 km/saat həddinə superkar 2,8 saniyəyə sürətlənir və 380 km/saatlıq maksimal sürət həddinə malikdir. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Maguari HS1 GTC modeli öndə 420 millimetrlik, arxada isə, 400 millimetrlik diskləri olan karbon-saxsı əyləc mexanizmləri, öndə 22-düymlük, arxada isə, 23-düymlük təkər diskləri, həmçinin aktiv elektromexaniki lift sistemi olan asqı ilə təchiz edilir.

Modelin ilk 10 nüsxəsi əlavə aksessuarlar dəstinə sahib olacaqdırlar. Bu dəstin tərkibinə əl işi olan əlcəklər, çəkmələr və baqaj çantaları daxil olacaqdır. İlkin məlumata görə, Maguari HS1 GTC modelinin qiyməti 2,2 milyon avro olacaqdır.