Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) keçirdiyi sorğuya qatılan insanların 40%-i bildirib ki, təyyarəylə ilk səfərləri üçün koronavirus tamamilə nəzarətə alındıqdan sonra ən azı 6 ay gözləyəcəklər. Mərkəzi Kanadada yerləşən təşkilat aralarında ABŞ, Britaniya, Almaniya və Fransanın da olduğu 11 ölkənin vətəndaşlarına müraciət edib. Sorğuda iştirak edənlərin 14%-i isə bildirib ki, məhdudiyyətlər başa çatdıqdan dərhal sonra uçuşlardan istifadə edəcəklər. Daha dəqiq desək, insanların 47%-i 1-2 ay, 28%-i 6 ay, 8%-i isə 1 ildən daha uzun müddət gözləyəcəklərini bildiriblər.

Assosiasiyanın baş katibi bu il aviaşirkətlərin ümumi gəlirlərinin 314 milyard dollar azalacağını gözlədiklərini, bu sektorda çalışan 25 milyon insanın isə işini itirmək riski ilə qarşı-qarşıya olduğunu açıqlayıb. Bu sektora dərhal kreditlərin və dövlət dəstəyinin ayrılmalı olduğunu, bu tədbirlərə baxmayaraq, yenə də yaranan problemlərin aradan qalxması üçün xeyli zaman tələb olunduğunu deyib. IATA insanların təyyarə ilə uçuşun təhlükəsiz olduğuna inanmalarına ehtiyac duyduğunu, şirkətlərin bu istiqamətdə işlər aparmalı olduğunu düşünür.