Lancia növbəti illər üçün inkişaf planını açıqlayıb. Xatırladaq ki, bu strategiyanın əsas məqamları keçən yay qeyri-rəsmi olaraq açıqlanmışdı və o vaxtdan bəri demək olar ki, heç nə dəyişməyib. Hazırda Lancia markasının vəziyyəti ürəkaçan deyil: italyan markası yalnız İtaliyada satılan yaşlı Ypsilon hetçbekini təklif edir. Lakin onun satış həcminə bir çox müasir sinif yoldaşları həsəd apara bilər: keçən il Lancia Ypsilon 44.000 nüsxəlik tirajla satılıb.

Beləliklə, Stellantis konserninin qlobal strategiyasında Lancia brendi DS və Alfa Romeo markaları ilə birlikdə premium bölməni təşkil edəcəklər. Strategiyaya üç yeni model daxildir, yeni nəsil Lancia Ypsilon 2024-cü ildə işıq üzü görməlidir - yeni model yalnız hibrid və elektrik versiyalarında təklif ediləcək dörd metrlik hetçbek olacaqdır.

Üstəlik, yeni hetçbek daxili yanma mühərriki ilə təchiz edilən sonuncu Lancia olacaqdır: bütün sonrakı modellərin elektrik ötürməsinə keçməsi planlaşdırılır, hibrid isə yalnız 2028-ci ilə qədər istehsal ediləcəkdir.

2026-cı ildə 4,6 metr uzunluğunda Lancia Aurelia modeli peyda olacaqdır. İtalyan istehsalçısı bu tarixi addan 1958-ci ildən bəri istifadə etmir! Amma əgər o zamanlar Aurelia dəbli minik avtomobilləri (kabrioletlər də daxil olmaqla) idilərsə, ilkin məlumata görə, yeni ad markanın flaqmanı olacaq krossoverə veriləcəkdir.

Lancia Delta hetçbekinin ye idən canlandırılması isə 2028-ci ilə planlaşdırılır - 4,4 metrlik avtomobilin əzələli dizayna sahib olacağı deyilir. Yeni Delta modelinin yetmişinci illərin orijinal avtomobilinin üslubunda görünüşə malik olacağı da istisna edilmir.

Gələcək Lancia modellərinin dizaynı ilə şəxsən Stellantis alyansının Avropa bölməsinin baş dizayneri, əvvəllər PSA qrupunun dizayn departamentinə rəhbərlik etmiş Jan-Pyer Plue məşğul olacaqdır. Gələcək avtomobillərdə, interyer tərtibat də daxil olmaqla, təkrar emal edilmiş materiallardan geniş istifadə olunacağı vəd edilir.

Bundan başqa, S.A.L.A (Sound Air Light Augmented) adlı köməkçi elan edilib: bu, bir düymə ilə aktivləşdirilən, salondakı iqlimin, səsin və işığın idarəedilməsi sistemidir.

Yeni modellərin peyda olması ilə birlikdə Lancia yenidən doğma İtaliyadan kənara çıxacaqdır. Lancia avtomobillərinin digər ölkələrdə satışlar 2014-2015-ci illərdə dayandırılmışdı, lakin indi Avropanın 60 şəhərində 100 diler ofisinin açılması planlaşdırılır. Fransa, Almaniya, İspaniya, Belçika və Hollandiyaya üstünlük verilir. Lakin satışların yarısı onlayn olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.