McLaren Automotive şirkəti ekstremal Ultimate Series model xəttini ikiyerli spidsterlə zənginləşdirmək niyyətindədir. Yeni spidster Ferraro Monza SP2 modelinə rəqib olmalı və adi yollarda idarəetmədən həzz almağa üstünlük verən şəxslərə ünvanlanmalıdır.

Bu barədə «Autocar» dərgisi xəbər verib. Dərgi spidsterin kiçik seriya ilə istehsal ediləcəyini də bildirib. Trek superkarı olan McLaren Senna və sürətli McLaren Speedtail modellərindən fərqli olaraq, spidster «həyəcanverici idarəetmə hissini» önə sürəcəkdir.  Spidster, ümumi stilistikası yarış avtomobillərindən götürülmüş zərif dizayna danmalik olacaqdır. 

McLaren şirkətinin daxilindəki mənbə spidsterin «ekstremal manevr qabiliyyəti və inanılmaz əks əlaqəsi» ilə seçiləcəyini də bildirib. Avtomobilin açıq kokpiti sürücünün idarəetmə prosesindən həzz almasını təmin edən daha bir faktor olmalıdır. Yeni modeli 4,0-litrlik V8 biturbo mühərriki və dartma qüvvəsini arxa oxa ötürən preselektiv «robot» ilə təchiz edəcəkdirlər. Güc aqreqatının hasilatınin 700-800 at qüvvəsi arasında olacağı ehtimal edilir.