Mercedes-Benz şirkəti C-Class ailəsinin yeni fərdini martın əvvəlində işinə başlayacaq beynəlxalq Cenevrə avtomobil salonunda nümayiş etdirmək niyyətindədir. Alman şirkəti bu məlumatı yeni avtomobilin tizerini dərc edərək təsdiq etmişdir. Tizerdən göründüyü kimi yeni model Mercedes-Benz C-Class Coupe modelinin bazasında yaradılmış kabriolet kuzovlu avtomobildir. Mercedes-Benz şirkətinin modellərin adlandırılması üzrə yürütdüyü yeni siyasəti nəzərə alsaq, yeni kabrioletin C-Class Cabriolet adlandırılacağı şübhə doğurmur. Beləliklə də, CLK adı da tarixin arxivlərinə göndərilmiş olacaq.

Texniki cəhətdən yeni kabriolet C-Class Coupe modeli ilə eyni olacaq. Çox güman ki, avtomobillər arasındakı yeganə fərq onalrın dam örtüyündə olacaqdır. Yeni kabrioletin elektrik ötürməli açılıb-bağlanma mexanizmi ilə təchiz edilmiş yumşaq dam örtüyü ilə buraxılacağı məlum olan faktlardandır.

Xatırladaq ki, C-Class modelinin kupe kuzovlu variantı keçən iş baş tutmuş Frankfurt avtomobil salonunda  təqdim edilmişdir. Mercedes-Benz C-Class Coupe modelinin baza variantı 156 at qüvvəsi (C180) olan 1,6-litrlik mühərriklə təchiz edilir. Bundan başqa, kupenin mühərrik çeşidinə 184 (C200), 211 (C250) və 245 (C300) at qüvvəsi olan 2,0-litrlik turbomühərriklər daxildir. Kupenin dizel variantları 2,2-litrlik gücü 170 (C220d) və 204 (C250d) at qüvvəsi olan mühərriklərlə təklif edilir. Ən güclü variantlar olan C300 və C250d modelləri 4Matic tam ötürməli çəkiş sistemi ilə komplektləşdirilə bilər.

Kupenin bərkgedən variantı olan Mercedes-AMG C63/C63S modeli, müvafiq olaraq 476 və 510 at qüvvəsi olan ikiqat turbokompressorlu 4,0-litrlik V8 mühərriki ilə təchiz edilir.