Bizi BMW 4 Series kupesinin yeni nəslinin təqdimatına uzun müddət və hərtərəfli şəkildə hazırlayıblar: çox sayda casus şəkillərindən, bir neçə tizerdən, məlumatların sızmasından sonra kupe haqqında kifayət qədər məlumat var idi - yenə də modelin debütü heç də pis alınmayıb. Yeni kupenin onlaym təqdimatı dünən axşam Bakı vaxtı ilə 20-00-da keçirilib.

Əvvəlki nəsil 4 Series kupesi kimi, yeni kupe də 3 Series sedanının əsasında yaradılıb. Xatırladaq ki, sonuncu keçən il nəsil dəyişdirib. Kupenin uzunluğu 4768 millimetr, eni - 1852 millimetr,  hündürlüyü isə1383 millimetr təşkil edir. Kupenin təkər bazasının uzunluğu 2851 millimetrdir. Sələfi ilə müqayisədə yeni model 128 millimetr uzun, 27 millimetr enli və 6 millimetr daha yüksək olub. Oxlar arasındakı məsafə 41 millimetr, ön və arxa təkər izinin genişliyi isə, müvafiq olaraq 28 və 18 millimetr artıb. 

Kuzovun yeni dizaynı aerodinamik səmərəliliyi əhəmiyyətli dərəcədə artırıb: aerodinamik müqavimət əmsalı (Cx) 0,29-dan 0,25-ə enib. Müqayisə üçün, 3 Series modelində bu rəqəm 0,23-dir.

Yeni kupe mübahisələrə səbəb olan nəhəng radiator barmaqlığı sayəsində sedandan nəzərə çarpacaq dərəcədə fərqlənsə də, iki avtomobilin interyeri çox oxşardır. BMW 4 Series kupesinin standart təchizatına yeni idman oturacaqları və sükan çarxı daxildir. Əlavə ödənişlə kupe üçün M Sport tərtibat dəstini sifariş etmək olar.

Kupe, sükan çarxındakı düymə, 10,25-düymlük sensorlu ekran, iDrive kontrolleri və ya Hey BMW və Ok BMW əmrləri ilə aktivləşdirilən səs köməkçisinin vasitəsi ilə idarə edilən opsional BMW Live Cockpit Professional sürücü interfeysi ilə təchiz edilir. İnterfeys 7.0 əməliyyat sisteminin əsasında yaradılmışdır.

Bu halda 12,3-düymlük rəqəmsal cihazlar panelindən istifadə olunur. Eyni zamanda, kupenin baza variantı mərkəzində 5,1-düymlük rəngli ekranı olan analoq cihazlar paneli və multimedia sisteminin 8,8-düymlük sensorlu ekranı ilə təchiz oedilir.

Satışların başlanğıcında yeni BMW 4 Series kupesi üç benzin və üç dizel mühərriki, arxa və tam ötürmə ilə təklif ediləcəkdir. Ümumilikdə, avtomobil yeddi modifikasiyada debüt edib. Başlanğıc 420i modifikasiyası 184 at qüvvəli (300 Nm) 2,0-litrlik dördsilindrli turbomühərrik, 430i modifikasiyası eyni mühərrikin 258 at qüvvəli (400 Nm) variantı ilə təchiz edilir.

BMW M440i xDrive top modifikasiyası isə 374 at qüvvəsi və 500 Nm fırlanma anı hasil edən 3,0-litrlik altısilindrli turbomühərrik ilə təklif edilir. Top benzin versiya 100 km/saat həddinə 4,5 saniyəyə sürətlənir. Onun maksimal sürəti elektronika tərəfindən 250 km/saat həddində məhdudlaşdırılıb. 

Dizel modifikasiyaları isə,  190 at qüvvəsinə və 400 Nm frılanma anına malik olan 2,0-litrlik (420d və 420d xDrive) , həmçinin 286 at qüvvəsi və 650 Nm fırlanma anına malik olan  3,0-litrlik (430d xDrive) dizel mühərrikləri ilə təchiz edilirlər. Top dizel modifikasiyası sayılan M440d xDrive kupesi 340 at qüvvəsi və 700 Nm fırlanma anı hasil edən 3,0-litrlik turbodizel ilə təchiz edilir. Top dizel 100 km/saat həddinə 4,7 saniyəyə sürətlənir və 250 km/saat maksimal sürət həddinə malikdir.

Bütün dizel mühərrikləri və 440i xDrive modelinin benzin mühərriki 11 at qüvvəsi hasil edən startyor-generatorunu əldə ediblər. Bütün mühərriklər səkkiz pilləli Steptronic transmissiyası ilə tandemdə çalışırlar. Əlavə ödənişlə bu qutunu Steptronic Sport variantı ilə əvəz etmək olar. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Opsiyalar siyahısında lazer fənərləri, üçzonalı klimat-kontrol, ikinci səviyyəli “avtopilot” (tıxaclarda hərəkət köməkçisi olan aktiv kruiz-konntrol), adaptiv asqı, güclü əyləclər, BMW M kataloqundan idman differensialı, M Performance Parts aksessuarları və çoxsaylı sürücü yardımçıları vardır.

BMW 4 seriyasının dünya bazarlarındakı satış debütü bu ilin oktyabr ayında baş tutacaqdır. ABŞ-da kupe yalnız benzin mühərrikləri ilə təklif ediləcəkdir: 430i modeli 45,600 dollardan, 430i xDrive modeli - 47,600 dollardan, M440i xDrive isə, 58,500 dollardan başlayan qiymətlərlə satılacaqdırlar.