Ferrari şirkəti italyan markasının tarixində ən güclü seriya modeli olacaq superhibridin yeni tizerini dərc edib. 1000 at qüvvəli modeli 29 may tarixində Maranelloda keçiriləcək xüsusi tədbirdə təqdim edəcəkdirlər.

Dərc edilmiş tizerdə yeni hiperkarın arxa hissəsi təsvir edilib. Burada düzbucaqlı formasında olan arxa fənərlərin yerini və buraxılış sisteminin cütlənmiş çıxış borularını və spoylerə bənzər elementi görmək mümkündür. Ümumilikdə, tizer bir müddət bundan öncə Şəbəkədə görünən prototipə bənzəyir.

Ehtimallara görə, Ferrari model cərgəsində 812 Superfast modelindən bir pillə yuxarıda qərarlaşacaq superhibrid 3,9-litrlik iki tubokompressorlu V8 mühərrikinin əsasında yaradılmış hibrid qurğu ilə təchiz ediləcəkdir. Nüfuzlu alman “Auto Motor und Sport” dərgisinin əldə etdiyi məlumata əsasən benzin mühərriki üç elektrik mühərriki ilə tandemdə çalışacaqdır. Bu mühərriklərdən ikisi ön oxda, biri isə ötürmələr qutusunda yerləşdiriləcəkdir. Bu quruluş sayəsində superhibrid mütərəqqi tam çəkiş sisteminə də malik olacaqdır.

Şayiələrə görə, yeni superkar 100 km/saat həddinə iki saniyədən az müddətə sürətlənəcəkdir. İnsayderlər avtomobilin satış qiyməti barədə də məlumatı sızdırıblar – 600 min avro. Əgər bu qiymət sizin çox bahadırsa, Ferrari şirkətinin daha əlçatan superhibridi hazırlaması xəbərinə sevinməlisiniz. Belə model V8 mühərriki əvəzinə V6 mühərrikinə sahib olacaqdır. Əlçatan sportkar ilin sonuna kimi təqdim olunmalıdır. Bundan sonra növbə Ferrari Purosangue krossoverinə gəlib çatacaqdır.