Tesla Motors şirkətinin banisi İlon Mask iyul ayının ortasında anons etdiyi “tamamilə gizli planı” şirkətin rəsmi saytında dərc etmişdir. Verilən xəbərdə Tesla şirkətinin yük avtomobilini və şəhər avtobusunu hazırladığı bildirilmişdir. Hal-hazırda hər iki layihə işlənib-hazırlanma mərhələsindədir.

Maskın sözlərinə görə hər iki avtomobil gələn il təqdim ediləcəkdir. Təbii haldır ki, həm yük avtomobili, həm də avtobus elektrik güc aqreqatı ilə hərəkətə gələcəkidr. Yük avtomobilin neçə olacağı barədə heç bir məlumat verilməmişdir. Avtobusa gəldikdə isə, Mask onun adi şəhər avtobuslarından bir qədər kiçik olacağını və avtopilotla təchiz edilcəyini bildirmişdir. Kiçik ölçüləri sayəsində avtobus şəhər axınının azaldılmasına xidmət edəcəkdir. Bununla belə, İlon Mask sərnişin avtobusunun tutumunun adi avtobuslardan çox olacağını da bildirmişdir. Bunun üçün Mask avtobusun salonunun quruluşunu yenidən nəzərdən keçirməyi təklif edir. Bundan başqa, amerikalı işadamı elektrik pikapının və yığcam elektrik krossoverinin istehsal ediləcəyini də anons etmişdir. Bununla bərabər o, Model 3 elektrokarından ucuz avtomobil yaradılmasına ehtiyac olmadığını bildirmişdir.

Tesla Motors şirkətinin başçısı həmçinin, avtonom idarəetməli avtomobillərdən ibarət donanmanı yaratmaq niyyətində olduğunu bəyan etmişdir. Onun fikrincə belə avtomobillər sahiblərinə gəlir də gətirə bilərlər. Misal üçün, avtomobilin sahibi evində yuxuladığı müddətdə avtomobilini icarəyə verə bilər. Eyni zamanda, İlon Mask “gizli planında” günəş enerjisindən də yararlanmaq niyyətinin olduğunu bildirmişdir.

Tesla Motors məhz bu məqsədlə ABŞ-ın ən iri günəş batareyalarının istehsalçısı olan  SolarCity şirkətini əldə etmişdir.