“Autocar” nəşrinin məlumatına görə, Skoda şirkəti Enyaq və Enyaq Coupe krossoverlərindən sonra daha üç elektrokarı model çeşidinə əlavə edəcəkdir. Hər üç elektrokar Enyaq modelindən daha yığcam və daha ucuz olacaqdırlar. Növbəti yenilik Golf sinifində çıxış edən elektrik hetçbeki (Volkswagen ID.3 modelinin analoqu) olmalıdır.

"Autocar" nəşri belə elektromobil haqqında şayiələrin hələ beş il bundan əvvəl peyda olduğunu iddia edir: çox güman ki, yeni elektrik hetçbeki üçün, Skoda şirkəti keçən əsrin altmışıncı və doxsanıncı illərində istifadə etdiyi tarixi Felicia adını yenidən canlandıracaqdır. Texniki cəhətdən hetçbek tamamilə Volkswagen ID.3 modelini təkrarlayacaqdır.

Hetçbekin ardınca MEB platformasında inşa edilmiş orta ölçülü liftbek - Octavia modelinin elektrik analoqu işıq üzü görəcəkdir. Skoda Octavia şirkətin ən çox satılan modelidir (keçən il 201 min avtomobil) və  elektromobillər bazarının bu seqmentini hesaba almamaq axmaqlıq olardı.

Üçüncü yeni elektrokar isə, bir ildən az konveyer həyatı yaşamış Skoda Citigo iV modelinin formal varisi olan yığcam hetçbekdir. Ən kiçik Skoda elektrokarı önötürməli sadələşdirilmiş MEB Entry platformasına əsaslanacaq və texniki cəhətdən gələcək Volkswagen ID Life modelinin analoqu olacaqdır. Subkompakt  elektrokarın debütü 2025-ci ildə baş tutmalıdır.

Əlbəttə ki, çex markasının elektromobillər çeşidi genişlənməyə davam edəcəkdir və hətta, bu çeşiddə üçsıralı modellər də peyda olacaqlar. Next Level strategiyasına əsasən, Skoda şirkəti 2030-cu ilə qədər Avropadakı satış strukturundakı elektromobillərin payını 50-70 faizə (ölkədən asılı olaraq)  çatdırmağı planlaşdırır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.