BMW markasının Fransadakı dileri sosial şəbəkədə yeni X1 krossoverinin tizerini yerləşdirib. Krossoverin ilkin nümayişi mayın 2-də baş tutacaq və çox güman ki, avtomobil daxili yanma mühərrikli versiyada təqdim olunacaqdır. Elektrik variantı daha sonra işıq üzü görəcək və iX1 adlandırılacaqdır.

Yenilənmiş X7 və yeni 7 Series modellərindən fərqli olaraq, üçüncü nəsil X1 krossoverinin dizaynı köhnə firma üslübunda həll ediləcəkdir. Yeni tizerdə yalnız gələcək krossoverin konturu göstərilir, lakin BMW UK tərəfindən mart ayında dərc edilmiş ilkin tizerdə daha çox təfərrüatlar nümayiş olunmuşdu. Çox güman ki, X1 modeli sadəcə “böyüyəcəkdir”, - bir sözlə, heç bir inqilabi dəyişiklikləri gözləmək lazım deyil.

Modelin mühərrik çeşidində əvvəlki kimi dördsilindrli benzin və dizel mühərikləri olacaqlar. Çox güman ki, X1 xDrive25e plagin hibridi modifikasiya çeşidindəki yerini qoruyacaq, habelə X2 M35i modelindən götürülmüş mühərriki olan “bərkgedən” versiya peyda olacaqdır. Bu, tarixdəki ilk M Performance mühərrikidir: o, 306 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edir. Əlbəttə ki, ön və tam ötürmə arasında seçim olacaqdır.

Daxili yanma mühərrikli BMW X1 modelindən sonra bazara BMW iX1 elektrokarı çıxacaqdır. O, orijinal xarici dekoru, əyri ekranlı iDrive 8 məlumat-əyləncə sistemi alacaq və enerji doldurmadan WLTP dövrü üzrə 413 - 438 kilometr arasında məsafə qət edə biləcəkdir.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.