Əlamətdar haldır ki, avtomobil istehsalçılarının Azərbaycanda təmsil edilmiş nümayəndələri dünyada qəbul edilmiş standartlara uyğun olaraq yeni modellərin testlərini təşkil etməyə başlamışdırlar. Bir müddət əvvəl, biz “Auto Azerbaijan” şirkəti tərəfindən təşkil edilmiş testlərdə iştirak etdik. Sevindirici haldır ki, Porsche Bakı Mərkəzi yuxarıda göstərilən standartlara uyğun avtomobil təqdimatlarının və yerli testlərin keçirilməsinə başlamışdır.

Eyni zamanda, Porsche Bakı Mərkəzinin dəstəyi ilə Azərbaycan məkanında işləyən KİV-lərin nümayəndələri ölkə xaricində çoxsaylı sınaqlara qatılmışdırlar. Heç uzağa getmək lazım deyildir.

Bu sətirlər yazılan zaman avtomobil mövzusunda yazan iki qələm sahibi - Natiq Zərbəliyev və Tural Yusifov Porsche şirkətinin Türkiyədə təşkil etdiyi 718 Boxster modelinin testlərində iştirak edirdilər. Lakin, bugünki söhbətimizin mövzusu yerli testlərlə bağlıdır. İyun ayının ilk günlərində Porsche Bakı Mərkəzi yerli avtomobil jurnalistlərinin iştirakı ilə Porsche Cayenne və Macan modellərinin testlərini təşkil etmişdi. Alman şirkətinin yerli nümayəndəsinin test proqramı Bakı-Quba-Bakı marşrutu ilə yürüşü nəzərdə tuturdu.

Porsche Bakı Mərkəzi jurnalistlərin sərəncamına Porsche Cayenne, Cayenne Turbo S və Macan S avtomobillərini təqdim etmişdir. Krossoverlər Porsche şirkətinin maliyyə uğurunun əsasını təşkil etdiyi üçün, alman istehsalçısı tərəfindən bu seqmentə xüsusi diqqət yetirilir.

Bizim sərəncamımıza verilmiş Cayenne krossoveri artıq bu avtomobilin ikinci nəslidir və avtomobil sonuncu dəfə iki il bundan öncə yenilənməyə məruz qalmışdır. Restaylinqdən sonraki krossover əvvəlkindən yenilənmiş ön bamperi, işıq texnikası, yeni ön qanadları və radiator barmaqlığı ilə seçilir.

“Qaynar bibərin” arxa hissəsində də bir sıra dəşikliklrə mövcuddur - bunlara misal olaraq üçölçülü qrafikaya malik olan arxa fənərləri, yeni formalı arxa bamperi və baqaj bölümünün qapağını göstərmək olar.

Porsche Cayenne modelinin xarakteristikaları barədə uzun-uzadı danışmağa ehtiyac yoxdur. Maraqlananlar saytımızdakı xüsusi bölümə keçərək avtomobil haqqında ətraflı məlumat ala bilərlər. Biz isə, başlanğıc olaraq, təqdimatı keçən il Detroytda keçirilmiş yenilənmiş Cayenne Turbo S modelini sınamaq qərarına gəldirk. Açığını desək, bir çoxları əsl Porsche avtomobilinin 911 modelinin olduğunu söyləyirlər.

Bununla belə, Porsche Cayenne Turbo S modelinin sürücü oturacağına əyləşən zaman, artıq Porsche DNT-sini daşıyan avtomobildə olduğunu hiss edirsən. Əlbəttə, krossoverin interyerinin dizaynı və tərtibatında işlənilmiş materialların yüksək kefiyyəti müəyyən qədər buna yardım etsə də, avtomobilin 570 at qüvvəsinə malik olar səkkizsilindirli «döyünən ürəyinin» səsi artıq çox ciddi aparatın sükanı arxasında oturduğundan xəbər verir.

Bəli, yenilənmədən sonra 4,8-litrlik səkkizsilindirli turbomühərrikinin gücü 20 at qüvvəsi artaraq 570 at qüvvəsi təşkil etmişdir. Mühərrik eyni zamanda 50 Nm əlavə fırlanma anı əldə edərək 800 Nyuton-metrə sahib olmuşdur. Bu möhtəşəm fırlanma anı avtomobilin oxlarına səkkiz pilləli Tiptronic S avtomatik sürətlər qutusu vasitəsi ilə ötürülür. Porsche Cayenne Turbo S həqiqətən bir çox sportkarların həsəd aparacağı dinamikaya malikdir.

İri ölçülərə və sanballı çəkiyə malik olan krossoverə 100 km/saat həddini toplamağa 4,1 saniyə kifayət edir. Müqayisə üçün bildirmək istərdim ki, onun sələfinə bu «fəndi» etmək üçün 0,4 saniyə artıq vaxt tələb olunurdu.

Mənim fikrimcə belə güclü avtomobillərin «yaşayış məkanı» Almaniyanın sürət limiti olmayan avtobanlarıdır. Azərbaycanda hələlik belə yollların olmaması bu avtomobilin imkanlarından tam istifadənin qarşısını alsa da, Porsche avtomobilinin idarəsindən maksimum həzz alacağınız başqa bir məkan da mövcuddur - ilan kimi qıvrılan döngəli yollardır.

Xoşbəxtlikdən, marşrutumuzun durma nöqtələrindən biri olan Qubadakı "Rixos" otelinin ətrafında belə yollar mövcud idi.

Əlbəttə ki, Porsche avtomobilini belə bir məkanda idarə etməmək günah olardı.

Bildiyimiz kimi, Porsche Cayenne Turbo S modeli standart olaraq bir neçə sürücüyə yardəm sistemləri ilə təchiz edilmişdir ki, bunların sırasında Porsche Active Management Suspension (PASM), Porsche Torque Vectoring Plus (PTV Plus) və Porsche Dynamic Chassis Control (PDCC) sistemləri vardır.

PASM aktiv asqı sistemi sürücüyə “Comfort”, “Sport” və “Sport Plus” rejimləri arasında seçim etmək imkanı yaradır ki, bunu da mərkəzi konsoldakı düymə vasitəsi ilə həyata keçirmək olar.

Məlum məsələdir ki, birinci rejim komfortu təmin etmək üçündür, digər iki rejim isə krossoveri sportkara çevirməyə imkan yaradır - ən əsası da sonuncu “Sport Plus” rejimi. Bu rejimdə kuzovun yana əyilmələri minimum həddə endirilir və sistem sürücüyə sərt döngələri sürətlə qət etmək imkanı yaradır. Eyni zamanda, yuxarıda adını çəkdiyimiz sistemlər PASM ilə birlikdə avtomobilin idarəetmə xarakteristikalarının yaxşılaşdırılmasına xidmət edir.

PDCC sistemi aktiv şassiyə nəzarət etdiyi kimi, PTV Plus sistemi də krossoverin mühərrikinin fırlanma anını arxa təkərlər arasında effektiv bölünməsini təmin edir. Qubadakı döngəli dar yollarda Cayenne Turbo S bu sistemlər sayəsində yol səthindən gekkon kimi “yapışırdı”. Krossoverin insana həzz verən digər bir cəhəti onun güclü əyləc sistemidir. İri havalandırılan əyləc diskləri və qırmızı rəngli supportlar ilk baxışdan bu mexanizmin nələrə qadir olduğundan xəbər verir.

Güclü avtomobilləri serpantinlərdə idarə edən zaman güclü əyləc mexanizmlərinin nə qədər vacib olduğunu hiss edirsən. Belə növ mexanizmlər döngəyə yaxınlaşan zaman əyləclənməni son ana qədər gecikdirmək imkanı verir. Ən əsası da odur ki, əyləc mexanizmi uzun müddət effektivliyini qoruyub saxlaya bilir.

Porsche Cayenne Turbo S modelinin 570 at qüvvəli mühərriki səkkiz pilləli Tiptronic S avtomatik sürətlər qutusu ilə tandemdə həqiqətən də avtomobilin tufana bənzər sürətlənməsini təmin edir. Sizi nə qədər fantastik bir hissin gözlədiyini anlamaq üçün akselerator pedalını döşəməyə sonuna kimi sıxmaq gərəkdir.

Belə bir güclü sürətlənməyə malik olan avtomobilin sükan çarxı ilə ehtiyatsız davranmaq əsl ağılsızlıqdır. Çünki, bir çoxlarının dərk etmədiyi bir fakt mövcuddur – Turbo S çox ciddi aparatdır və sükanı bir barmaqla idarə etməyinizi bağışlamaya bilər.

Porsche modellərinin interyerindən və təchizat səviyyəsindən yazmaq üçün səhifələr bəs etməz. Alman istehsalçı hər bir Porsche avtomobili almaq arzusunda olan şəxs üçün geniş fərdiləşdirmə imkanları təklif edir. Bu təkcə avtomobilin interyerinə şamil edilmir, bu həmçinin onun eksteryerinə də aiddir. Porsche şirkətinin eksklyuziv avtomobilləri bölümü sizə təkrarı olmayan bir avtomobil yaratmaq imkanını təqdim edir.

Bu bölmənin imkanları ilə mən, bir neçə il bundan öncə, Porsche şirkətinin Zuffenhauzendəki zavodunu gəzərkən tanış olmuşdum. Ən maraqlısı isə, hazır avtomobilin sahibinə təslim edilməsi mərasimidir. Artıq rituala çevrilmiş bu mərasim avtomobilin xüsusi fotosessiyası ilə başlayır. Sonradan bu fotosessiyaya avtomobilin yeni sahibi də qatılır. Sonunda hazır albom bahalı şampan şərabı ilə birlikdə Porsche avtomobilin xöşbəxt sahibinə təqdim edilir.

Mövzudan bir qədər uzaqlaşsaq da, gəlin yenidən testlərə qayıdaq. Sürücü yerinin tərtibatı və erqonomikası Porsche modellərinə xas olan dəqiqliklə hazırlanmışdır. Ön oturacaqlar sürücü və sərnişinin bədənini kip tutaraq döngələrdə lazımi dəstəyi təmin edir. Mərkəzi konsolda səpələnmiş düymələr yığını anlaşılan və asanlıqla idarə ediləndir. Avtomobilin idarəetmə sistemlərinə dair olan yeganə iradım multimedia sisteminə aiddir. Adətən test etdiyim bir çox avtomobillə ilk dəfə tanış olsam da, onların multimedia kompleksinin interfeysini araşdırmam qısa müddət tələb edir. Cayenne modelinin multimedia sistemi isə bir qədər qəlizliyi ilə seçilir. Testlər zamanı smartfonu sistemə qoşmaq üçün ardıcıl olaraq bir sıra əməliyyatlar etmək gərək oldu. Üstəlik mobil telefon vasitəsilə zəng zamanı səsin olmaması üzündən birləşmənin həyata keçirilib-keçirilmədiyi qaranlıq qalır. Sistemin ekranının sensorla idarə edilməsi də vəziyyəti asanlaşdırmır. Misal üçün, tərəfimizdən multimedia sistemi vasitəsilə smartfonun media bazasına daxil olmaq cəhdləri uğursuzluqla nəticələndi.

Əlbəttə ki, Porsche Cayenne modelini almaq bir çoxlarının həyata keçirilməyən arzusu olaraq qalacaqdır. Bu avtomobil varlı insanlar üçün yaradılmışdır. Cayenne modelinin dəyəri, onun öz sahibinin qanına inyeksiya edəcəyi adrenalinin həcmi ilə ölçülməlidir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt