Renault şirkəti Twingo modelinin "bərkgedən" modifikasiyası olan RS variantını buraxmaqdan imtina edib. Bu barədə "Autocar" dərgisinə məlumatı Renault Sport bölümünün rəhbəri Patris Ratti vermişdir. Rattinin sözlərinə görə, 109 at qüvvəsi gücü olan mühərrik "qaynar" Twingo modeli üçün kifayət edir.

Renault Sport rəhbərinin fikrincə 150 at qüvvəli dörd silindirli mühərrikin avtomobilə quraşdırılması konstruktiv dəyişikliklər tələb edir və modelin qiymətini "göylərə qaldıra" bilər. Xatırladaq ki, bir müddət bundan öncə, fransız istehsalçısı GT modelinin təqdimat mərasimi 23 iyunda Qudvud "Sürət festivalında" keçirilmişdir. Texniki cəhətdən Twingo GT modeli Brabus atelyesi tərəfindən təkmilləşdirilmiş Smart avtomobillərini xatırladır. Bu modellər eyni şassidə istehsal edilirlər, Renault və Daimler şirkətlərinin birgə məhsuludur. Hər iki avtomobil 70 faiz ümumi komponentlərə malikdirlər.

Renault Twingo GT modeli iş həcmi 898 kub santimetr olan üçsilindirli benzin mühərrikini əldə etmişdir. Bu mühərrik 109 at qüvvəsi gücə və 170 Nm fırlanma anına malikdir. İki muftalı altı pilləli robotlaşdırılmış sürətlər qutusu ilə təchiz edilən Smart’dan fərqli olaraq Renault Twingo GT modeli altı pilləli mexaniki sürətlər qutusu ilə təklif edilir.

Arxadan çəkişli Renault Twingo GT hetçbeki əlavə hava girişləri olan daha aqressiv zahiri görkəmə, azaldılmış klirensə, yenidən nizamlanmış sabitlik sisteminə, 17-düymlük təkər disklərinə və boruları arxa bamperin mərkəzində yerləşdirilmiş buraxılış sisteminə malikdir.