Formula 1 çempionatının idman direktoru Ross Braun seriyanın rəhbərliyinin DRS sistemindən imtina etməyə razı olduğunu, lakin bunu həyata keçirməyin tez olduğunu bildirib.

2011-ci ildə yarışlarda debüt etmiş hərəkət edən arxa antiqanad sistemi pilotlara ötməyə kömək edir. Lakin, əksər hallarda bu ötmələrin süni olduğu qeyd edilir.

“Ümid edirəm ki, gələcək inkişaf istiqamətini müəyyən etdikdən sonra, DRS sistemindən imtina etmək olar. Lakin, yaxın perspektivdə belə bir ehtimalın olduğunu görmürəm. Müasir F1 avtomobillərinin xüsusiyyətləri bu sistemin mövcudluğunu tələb edir, - RaceFuns nəşri Braundan sitat gətirib. – Əlbəttə ki, biz süni metodlar olmadan ötmələrin sayını artırmağın üsulunu tapmağa çalışırıq.Lakin, bu qərar avtomobillərin təkamülünün labüd nəticəsi olmalıdır”.

Bununla bərabər Ross Braunun fikrincə sürətin azaldılmasının ötmələrin çoxalmasına və mübarizənin artmasına təkan verəcəyi halda bunu etmək gərəkdir. “Avtomobilin sürəti vacibdir, çünki o azarkeşlərə F1-in avtoidmanın ən yüksək zirvəsi olduğunu göstərir, - Braun davam edib. – Lakin,birdən sürətin 8 km/saat azalmasının yarışların baxımlılığına müsbət təsir etdiyi aşkar olunsa, biz bunu edəcəyik”.