Avtomobil aləmində yenilikləri gizli saxlamaq çox çətindir. Ələlxüsus, bu yeni avtomobildirsə. Artıq xəbər verdiyimiz kimi, “bərkgedən” Honda Civic Type R (FL5) modeli iyulun 21-də təqdim edilməlidir. Lakin bu gün İnternet şəbəkəsində hot-hetçin rəsmi şəkli peyda olub. Yeni modelin təsviri Honda şirkətinin yapon saytında görünüb və dərhal media və forumlarda tirajlanıb.

Adi daxili yanma mühərriki ilə təchiz edilmiş sonuncu Civic Type R hetçbeki standart on birinci nəsil Civic modelindən bir qədər daha aqressiv dizaynı ilə seçilir, ənənəvi antiqanadı və millərinin arasından qırmızı rəngli Brembo əyləc supportları görünən 19-düymlük təkər disklərini alıb.

Ön tərəfdə parlaq qara rəngli elementləri və hava girişlərinin şaquli istiqamətdə dartılmış "dişləri" olan yenidən işlənmiş bamper diqqəti çəkir. Arxa görüntü güzgülərinin korpusları da parlaq qara rəngdədir. Radiator barmaqlığı əvvəlki Civic Type R modelində olduğu kimi torşəkilli naxışa,  qırmızı Honda embleminə və Type R nişanına malikdir.Antiqanad isə kuzov rənginə boyanmayıb və qara rəngdədir.

“Bərkgedən” hetçbek Championship White rənginə boyanıb və bundan başqa, Type R modelinin rəng palitrasına Boost Blue Pearl, Sonic Grey Pearl, Crystal Black Pearl və Rallye Red rəngləri də əlavə olunub. Ön şüşədən bəzi məlumatlara görə, qırmızı tikişlərlə bəzədilmiş idman oturacaqlarının arxa hissələrini görmək olar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.