2022-ci ildə BMW şirkəti M bölməsinin 50-illik yubileyini qeyd edir. Bununla əlaqədar olaraq, alman markası bir neçə yeni modeli təqdim etməyə hazırlaşır ki, onlardan da biri M3 Touring universalıdır. Gələcək “bərkgedən” universal barədə məlumatın az olmasına baxmayaraq, Bavariya istehsalçısı seriyaöncəsi prototipin İsveçin donmuş göllərinin birində çəkilmiş bir neçə şəklini dərc edib. Hazırda “bərkgedən” universal son sınaqları keçir.

Şəkillərdən göründüyü kimi, yeni nəsil BMW M3 Touring modeli M Sport oturacaqlarının parlaq-narıncı (narıncı-kyalami/qara) tərtibatına malik olacaqdır. Bundan başqa, “bərkgedən” universalı praktiki olaraq bütün yeni BMW modellərində quraşdırılan iDrive8 məlumat-əyləncə sistemi ilə təchiz edəcəklər. Belə multimedia sisteminin əsas xüsusiyyəti ön panelin üzərində quraşdırılmış iki birləşdirilmiş displeydir. Ümumilikdə, “bərkgedən” universalın salonu iX krossoverinin və i4 liftbekinin salonunu xatırladacaqdır.

M3 Touring modelinin adi M3/M4 modellərində quraşdırılan 510 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən 3,0-litrlik sıralı altısilindrli turbomühərrik il təchiz ediləcəyi gözlənilir. Güc aqreqatı avtomatik transmissiya və xDrive tam ötrüməsi ilə tamamlanacaqdır. “Bərkgedən” universalın yaxın aylarda debüt etməlidir.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.