BMW 5 Series modelinin növbəti nəslinin təqdimatı 2023-cü ilə planlaşdırılıb. Casus şəkillərində də göründüyü kimi, Bavariya istehsalçısı artıq 2024-cü ildə debüt edəcək “bərkgedən” M5 sedanı üzərində çalışmalara başlayıb. Növbəti nəsil M5 modelinin gələcək XM superkrossoverindən götürülmüş 750 at qüvvəli hibrid güc qurğusu ilə təchiz olunacağı gözlənilir.

Britaniyanın "Auto Express" nəşrinin dizaynerlərinin hazırladıqları renderlər növbəti nəsil BMW M5 modelinin xarici görünüşü haqqında müəyyən təsəvvür yaradır. Növbəti nəsil 5 Series modeli indiki modeldə olduğundan daha böyük radiator barmaqlığını alacaq, lakin bu barmaqlıq cari M3 və M4 modellərinin nəhəng radiator barmaqlıqları ilə müqayisədə o qədər də iri olmayacaqdır.

Renderlərdəki M5 modelinin aqressiv görünüşə malik olduğu diqqəti çəkir: ön tərəfdə lazer fənərləri, daha sanballı bamper və kapot quraşdırılacaqdır. Avtomobilin ön qanadının forması yeni 2 Series modelindəkinə bənzəyir və bunun sayəsində də M5 emblemini bərkitmək üçün kifayət qədər yer qalır. Bundan başqa, indiki 2 Series və i4 modellərindəki tendensiyaya uyğun olaraq, arxa dayaqların əyilmə bucağının artıdığını da görmək olar.

Ənənəvi olaraq, M5 modeli adi 5 Series ilə müqayisədə daha geniş təkər izi ilə seçilir ki, bu da idarəetmənin yaxşılaşdırılmasına xidmət edir - test avtomobilinin təkər tağlarının geniş olması bunu sübut edir. Kamuflyajlı prototip “sınaq hibrid avtomobili” yazısına malikdir və ön qanaddakı yükləmə portunun qapağı M5 modelinin qoşulan hibrid olacağından xəbər verir. Sələfi kimi, yeni M5 sedanı da buraxılış sisteminin dörd çıxış borusuna malikdir, arxa fənərlər bloku isə əvvəlkindən bir qədər nazik görünür.

BMW M5 modelinin M bölməsinin gələcək flaqmanı olacaq XM krossoverindən götürülmüş hibrid güc qurğusu ilə təchiz ediləcəyi gözlənilir. Çox güman ki, hibrid qurğu BMW M5 CS sedanından götürlmüş 4,4-litrlik V8 biturbo mühərriki və X5 Xdrive45e PHEVmodelinin hibrid sisteminin birləşməsindən ibarət olacaqdır. Hibrid güc qurğusunun ümumi hasilatının 750 at qüvvəsi və 1000 Nm olacağı söylənilir. Çox güman ki, yeni qurğu gələcək M5 modelinə sırf elektrik ötürməsi ilə 80 kilometrə qədər məsafə qət etməyə imkan verəcəkdir.

Yeni M5 modeli əvvəlki kimi ön oxu ayırmağa imkan verən tam ötürmə sistemi ilə təchiz ediləcəkdir. İkimuftalı DCT transmissiyasının quraşdırılması ehtimalı çox azdır. Qeyd etmək gərəkdir ki, cari M3,M4 və M5 modelləri ənənəvi “avtomat” ilə təklif olunurlar. Yeni nəsil M5 modelinin 1000 Nm-lik fırlanma anını “həzm” edə biləcək yenilənmiş 8-pilləli “avtomatı” alacağı gözlənilir.

Gələcək M5 modelinin salonu tamamilə yeni olacaq və növbəti nəsil 5 Series modelindən götürüləcəkdir. Məlum məsələdir ki, yeni avtomobil iDrive 8 məlumat-əyləncə kompleksinə, 14,9-düymlük mərkəzi sensorlu displeyə, 12,3-düymlük virtual cihazlar panelinə, habelə tamamlanmış reallığı olan naviqasiya sisteminə və 5G birləşməsinə malik olacaqdır.  

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.