Porsche Bakı Mərkəzinin testlərə təqdim etdiyi avtomobillər arasında digər maraqlı bir model Porsche Macan S krossoveri idi. Bu avtomobillə mənim ilk tanışlığım düz iki bundan öncə baş tutmuşdu. Porsche komandasının uzun fasilədən sonra "Le-Manın 24 saatı" marafonuna yenidən qayıdışını qeyd etmək üçün Porsche şirkətinin dəvəti ilə Zuffenhauzendə olduğum zaman Porsche Macan Turbo modelini sınaqdan keçirmək mənə müəssər olmuşdu.

Porsche şirkətinin press-parkında  daha əlçatan Macan S modelinin olmadığı üçün, bu krossoverlə tanış ola bilməmişdim. Odur ki, Macan S modelinin testi mənim üçün çox maraqlı idi. Eyni zamanda, Porsche Bakı Mərkəzinin də əsas üstünlüyü bu modifikasiyaya verdiyini nəzərə alsaq, testlərin aktuallığı bir qədər də artırdı – yerli alıcılara mövcud olan model haqqında məlumat vermək daha düzgün olardı. Sirr deyildir ki, Porsche Macan krossoveri Audi şirkətinin Q5 krossoverinin platformasından istifadə edilməklə yaradılmışdır.

Krossoverin qabarit uzunluğu 4697 millimetr, eni – 1923 millimetr, hündürlüyü – 1624 millimetr, təkər bazası ilə 2807 millimetr təşkil edir. Porsche Macan S modelinin tam çəkisi 2550 kiloqrama bərabərdir.

Macan S modeli 340 at qüvvəsi gücü və 460 Nm fırlanma anı olan 3,0-litrlik V6 mühərriki ilə hərəkətə gəlir. Güc aqreqatı yeddi pilləli PDK “robotu” ilə birlikdə 2,5 tonluq avtomobili 100 km/saat həddinə 5,4 saniyəyə sürətləndirir. Macan S modifikasiyasının maksimal sürəti 254 km/saatdır.

Sanballı çəkisinə və iri həcmli mühərrikə malik olmasına baxmayaraq Macan qənaətcilliyi ilə də seçilir. Şəhər rejimində krossover 100 kilometrə 11,6 litr yanacaq sərf edir. Məncə heç də pis rəqəm deyildir. Şəhərkənarı yollarda Macan S modelinin yanacaq sərfiyyatı daha cazibədardır - 7,6 litr.

Həqiqətən də, Bakı-Quba-Bakı marşrutu üzrə teslər zamanı biz yanacaq doldurmaq üçün bir dəfə dayanmalı olduq – özü də testlərin başlanğıcında. Geri qayıdan zaman avtomobilin çənində hələ də yetərli miqdarda yanacaq qalmışdı.

Hesab etsək ki, testlər zamanı biz o qədər də qənaətcillik barədə düşünmürdük və avtomobili maksimal rejimlərdə idarə edirdik, bu sərfiyyat səviyyəsini yalnız alqışlamaq olar. 

Hər bir Porsche avtomobili kimi, Macan modeli də geniş avadanlıq siyahısı və fərdiləşdirmə imkanları təklif edir. Alman istehsalçısı krossoveri beş modifikasiyada təklif edir. Porsche Macan, Macan S, Macan S Diesel və Macan Turbo modellərindən başqa daha idman xarakterli Macan GTS modifikasiyasını da sifariş etmək mümkündür. Macan modelinin xarici görkəmi cazibədar görünür. Lakin, bir şərtlə! Krossoverin təkər diskləri minimum 21 düymlük olsun. Kiçik diametrli disklər “Armani”dən olan kostyumun əldəqayırma sexlərin birində hazırlanmış “Adidas” krossovkaları ilə geyinilməsinə bənzəyir.

Hətta deyərdim ki, Macan modelinin bəzi cizgiləri Cayenne modelinə nisbətən daha harmonik alınmışdır. Buna misal olaraq krossoverin arxa hissəsinin dizaynını göstərmək olar – burada 911 modelinin tanış cizgilərinə daha çox rast gəlmək olar.

Krossoverin ilk nəzərə çarpan cəhəti yüksək effektivli səs izolyasıyasının olmasıdır.  Macan modelini digər Porsche avtomobillərindən fərginin onun yüngül sükan idarəetməsinə, hamar gedişə və eyni hamar reaksiyalara malik olmasıdır.

Düzdür, Macan Turbo modifikasiyası bir qədər “çılğın” xarakteri ilə seçilsədə, Macan S barədə bunu demək olmaz. Bəlkə də bunun başlıca səbəbi “Makanın” qanındakı Audi DNT-sinin mövcudluğudur.  Cayenne Turbo S modelində Porsche DNT-si özünü nə qədər çox biruzə verirsə də, Macan S modelində bunu hiss etməkdə çətinlik çəkirəm.

Ola bilsin Porsche mütəxəssisləri Macan modelini hazırlayan zaman onun daha çox zərif cinsin diqqətini cəlb edəcəyini düşünmüşdürlər. İstənilən halda, test zamanı Macan Turbo modelində aşkar etdiyim gücü, aqressiyanı və insanı əhatə edən Porsche aurasını Macan S modelində hiss edə bilmədim.

Mənim bu sözlərimi avtomobili pislədiyim anlamına gəlməsin – Macan hər bir Porsche avtomobilinə xas olan yüksək yığım kefiyyətinə, bahalı materiallara və lazımi qədər gücə malikdir. 

Bu avtomobil onun sahibinin sosial statusunun yüksək səviyyədə olduğuna şahidlik etmək belə iqtidarındadır, lakin, əfsanəvi 911 modelinin ruhunu siz burada istənilən səviyyədə aşkar etməyəcəksiniz. Porsche Macan modelinin başlıca üstünlüklərindən biri, onun digər Ştutqart istehsalçısının imzasını daşıyan avtomobillərə nisbətən daha əlçatan olmasındadır. Porsche sahibi olmaq arzusunda olan imkanlı gənclər və xanımlar mütləq Macan modelinə nəzər salmalıdırlar.  

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt