Çinin SAIC konserni fəal şəkildə yeni bazar seqmentlərini mənimsəməyə davam edir. Bu dəfə Çin istehsalçısı elektrik minivenləri seqmentinə müdaxilə edib: bu seqmentdə SAIC konsernini yeni Roewe iMAX8 EV modeli təmsil edəcəkdir.

Elelktrik miniveni 2020-ci ildə debüt etmiş benzin mühərrikli iMAX8 modelinin əsasında yaradılıb. O zaman, SAIC konserni Çin bazarında isti kökə kimi satılan Buick GL8 və Honda Odyssey/Elysion modellərini sıxışdırmağa ümid edirdi. Roewe miniveni ön ötürməlidir və şəcərəsini GM aqreqatlarından götürən 234 at qüvvəli 2,0-litrlik 20A4E turbomühərriki ilə təchiz olunur.

Elektrik və benzinlə çalışan minivenlər arasındakı fərq nədir? Hər iki variantın görünüşü demək olar ki, eynidir. Elektromobili yalnız radiator barmaqlığının naxışı, bamperin aşağı hissəsindəki dekoru, təkər disklərinin fərqli dizaynı, salonda isə digər sükan çarxı sayəsində ayırd etmək olar.

Əsas fərqlər, əlbəttə ki, texniki hissədədir. Roewe iMAX8 EV ön oxda yerləşən yeganə 245 at qüvvəli elektrik mühərriki ilə təchiz olunur.Elektromobilin maksimal sürəti 180 km/saat təşkil edir ki, bu da benzin versiyasında olduğundan 20 km/saat azdır.

90 kilovat-saatlıq litium-ion batareyası elektrik yükləmədən təqribən 555 kilometr (CLTC metoduna görə) məsafə qət etməyə imkan verir. Üstəlik, sistem sürətli doldurma texnologiyasını da dəstəkləyir və bunun sayəsində cəmi yarım saat ərzində batareyanın enerji ehtiyatını 30 faizdən 80 faizə qədər artırmağa imkan verir.

Roewe iMAX8 EV minivenin Çindəki satışları bu ilin may ayında başlanmalıdır. Qiymətlər hələlik açıqlanmayıb, lakin əminliklə demək olar ki, elektrokar daxili yanma mühərrikli qardaşından xeyli baha olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt

Xatırladaq ki, SAIC konserni və Alibaba şirkəti bu yaxınlarda NIO ET7 modelinin əsas rəqibi hesab edilən Zhiji L7 elektrik sedanına sifarişlərin qəbuluna başlayıb.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.