Amerikalılar Şükran günü səbəbi yaranmış kilometrlərlə uzanan tıxaclardan canlarını yenicə qurtarmışdılar ki, onlar növbəti problemlə qarşılaşıblar. Bu dəfə yankiləri növbəyə düzülməyə Tesla modellərinin batareyalarının doldurulması üçün inşa edilmiş Supercharger stansiyaları məcbur edib. Məsələn, onların birində elektrik yükləmək niyyətində olan əlliyə yaxın elektromobilin sahibi toplaşıb.

Facebook sosial şəbəkəsində Kaliforniyadakı stansiyaların birində çəkilmiş videoçarx populyarlaşıb. Bu çarxda Supercharger stansiyalarının birində əllidən çox elektromobilin toplaşdığı qeydə alınıb. Ajiotajın səbəbi isə, Supercharger stansiyasının Los Anceles ilə San Fransisko şəhərləri arasındakı yolun tam ortasında yerləşməsidir.

Ən maraqlısı odur ki, bu stansiyada 40 ədəd yükləmə qurğusunun olmasına baxmayaraq, insanlar növbədə gözləmək məcburiyyətindədirlər. Səbəb isə sadədir – çox sayda elektromobillərin qoşulması halında yükləmənin sürəti aşağı düşür. Müvafiq olaraq, gözləmə müddəti uzanır, yeni gələn elektromobillərin sahibləri isə növbə yaradaraq gözləməli olurlar.

Şükran günündə bənzər vəziyyət Kaliforniya ştatının digər şəhərində təkrar olunub – San Luis Obispo şəhərində on beşə yaxın elektromobil sahibi Supercharger stansiyasında növbədə gözləməli olublar. Xatırladaq ki, ABŞ-da 1636 Supercharger stansiyası fəaliyyət göstərir. Tesla şirkəti yaxın zamanlarda yeni nəsil elektrik yükləmə stansiyalarını istismara buraxmağa planlaşdırır. Yeni stansiyalarda Model 3 elektrokarının batareyasını 5 dəqiqəyə doldurmaq mümkün olacaqdır.