Toyota şirkəti Yaris hetçbeki üçün nəzərdə tutlmuş yeni mühərriki anons edib. Bu 1,33-litrlik mühərriki əvəz edəcək 1,5-litrlik güc aqreqatıdır. Yeni mühərrik yığcam avtomobili daha sürətli və qənaətcil edəcəkdir.

Yeni dörd silindrli mühərrik sələfindən 10 at qüvvəsi daha güclüdür.

1,5-litrlik mühərrik 110 at qüvvəsi və 136 Nm fırlanma anı təklif edir. Yeni mühərriklə təchiz edilmiş Toyota Yaris modeli 100 km/saat sürətinə 11 saniyəyə çatır ki, bu da 1,33-litrlik mühərriklə olduğundan 0,7 saniyə yeyindir.

Eyni zamanda yeni mühərrik, hərəkət rejimindən asılı olaraq Otto dövrü üzrə iş rejimini Atkinson rejiminə dəyişməyə imkan verən texnologiyanı və Toyota modelləri arasında ilk dəfə olaraq buraxılış kollektorunun su ilə soyudulması sistemini əldə etmişdir.

İstehsalçı bu texnologiyanın işlənmiş qazların temperaturasını «məhdudlaşdırdığını» və beləliklə yanmanın temperaturunun aşağı salınması üçün qarışığın zənginləşdirilməsini gərəksiz edir. Bu isə, öz növbəsində, zərərli tullantıların həcmini azaltmağa və yanacağa qənaət etməyə imkan verir.  

Toyota şirkətindən verilən məlumata görə, yığcam avtomobilin ortalama yanacaq sərfiyyatı 12 faiz azalmışdır. Bununla belə, istehsalçı dəqiq rəqəmləri səsləndirməmişdir. Xatırladaq ki, 1,33-litrlik mühərriklə təchiz edilmiş Toyota Yaris modelinin ortalama yanacaq sərfiyyatı 100 kilometrə 4,9 litr təşkil edirdi.