Yeni nəsil BMW M2 idman avtomobilinin dünya təqdimatı 2022-ci ilin payızında baş tutmalıdır, lakin hazırda mühəndislər avtomobilin son sınaqlarını həyata keçirirlər. Kamuflyaja bürünmüş avtomobilin statik nümayişi Meksikanın San Luis Potosi şəhərindəki zavodda keçirilib. Qeyd etmək lazımdır ki, adi BMW 2-Series modelləri də burada yığılır. BMW 2 Series modellərinin və hazırda Avropadakı ümumi yollarda sınaqları keçirilən M2 kupesinin istehsalı Şimali Amerikada da təşkil olunacaqıdır.

Bu gün alman istehsalçısı avtomobilin yeni rəngli kamuflyaja bürünmüş görüntülərini nümayiş etdirərək, onun haqqında bəzi məlumatları açıqlayıb.

Gözlənildiyi kimi, texniki cəhətdən yeni BMW M2 kupesi böyük BMW M3 sedanı və BMW M4 kupesi ilə ciddi şəkildə unifikasiya edilib. “Bərkgedən” yığcam kupenin adı çəkilən avtomobillərdən 3,0-litrlik sıralı altısilindrli benzin turbomühərrikini və əyləc mexanizmlərini aldığı rəsmən təsdiqlənib. Lakin mühərrikin xarakteristikaları açıqlanmayıb

Güc aqreqatı 6-pilləli mexaniki və ya 8-pilləli M Steptronic avtomatik transmissiya ilə tandemdə çalışacaqdır. Bundan başqa, arxa ötürmə, habelə fərqli sazlanması və komponentləri olan idman asıqısı da bəyan edilib.

Bununla belə, tam ötürməli xDrive versiyası haqqında heç bir məlumat verilməyib. BMW M2 vizual olaraq standart kupedən aqressiv aerodinamik kuzov dəsti, yeni təkər diskləri, karbon damı, habelə opsional karbon oturacaqları ilə fərqlənəcəkdir.

Hazırda Avstriyada Zalsburqrinqdə intensiv sınaqları aparılan idman avtomobilinin rəsmi təqdimatı 2022-ci ilin oktyabrında keçiriləcəkdir. Yeni BMW M2 kupesi 2023-cü ilin aprelində satışa çıxarılacaqdır. Xatırladaq ki, daha əvvəl BMW M bölməsinin rəhbəri Frank van Mil brendin elektrik əlavəsi olmayan adi daxili yanma mühərriki ilə təchiz edilmiş son “bərkgedən” modelinin məhz yeni nəsil M2 olacağını təsdiqləyib.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.