Dörd il əvvəl Fiat konseptual Fastback kross-kupesini təqdim etmişdi, lakin daha sonra Latın Amerikası bazarı üçün unikal krossoverin hazırlanmaqda olduğu barədə məlumat peyda olmuşdu. İndi italyan avtomobil istehsalçısı seriya kross-kupesinin buraxılacağını təsdiqləyib və seriya modeli Fastback adını qoruyub saxlayacaqdır.

Bununla belə, əgər eyniadlı konsept Toro pikapının platformasına əsaslanırdısa, “əmtəə” modelinin ən yaxın qohumu Fiat Pulse krossoveri olmalıdır. Fastback da Pulse kimi Stellantis konserninin MLA arxitekturasında inşa ediləcəkdir.

Fiat Fastback Concept

Braziliya mediasının bildirdiyinə görə, Fastback seriya modeli konseptdən daha yığcam olacaq və Volkswagen Nivus modeli ilə rəqabət aparacaqdır. Mühərrik çeşidinə Pulse modelindən götürülmüş, 125 və ya 130 at qüvvəsi hasil edən 1,0-litrlik “turboüçlük” daxil olacaqdır.

Güc aqreqatı variator ilə tandemdə  çalışacaqdır. Təbii ki, tam ötürməli versiyadan söhbət gedə bilməz - Fiat Fastback yalnız ön ötürməli olacaqdır. Bununla belə, 175 at qüvvəli 1,3-litrlik mühərrik və avtomatik transmissiya ilə təchiz edilən daha güclü versiyanın peyda olması da gözlənilir.

Fiat Fastback seriya krossoverinin təqdimatı 2022-ci il ərzində baş tutacaq və onun satılacağı ilk bazar Braziliya olacaqdır - modelin lokal istehsalı məhz bu ölkədə təşkil olunacaqdır. Daha sonra, Fastback digər Latın Amerikası ölkələrində satış debütü edəcəkdir. Çox güman ki, onun satış coğrafiyası bu ölkələrlə də məhdudlaşacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.