Bu gün Lauzitsrinqdəı keçirilmiş ilk yarışın qalibi Audi komandasının isveçrəli pilotu Niko Müller olub. Müller ilə birlikdə podiuma onun komanda yoldaşları Robin Frayns və Mayk Rokenfeller qalxıblar.

Yarışı pouldan başlayan Rene Rast startda liderliyini qoruyub saxlamağa müvəffəq olub. Niko Müller isə, ikinci yerə yüksəlib və yarışın başlanğıcında mövqeyini Marko Vittmanndan (BMW) müdafiə etməli olub. Lakin, bir müddət sonra texniki problem yaşayan Rene Rast yarışı tərk edib və liderlik Niko Müllerin ixtiyarına keçib. Müllerin pit-stopu zamanı mexaniklərin yol verdiyi səhv isveçrəli pilotu gecikdirsə də, Niko komanda yoldaşı Robin Fraynsın önündə çıxmağa imkan tapıb. Frayns isə, öz növbəsində, uğurlu pit-stop strategiyası sayəsində Marko Vittmannı qabaqlamağa müvəffəq olub.

Marko uzun müddət podiuma qalxmaq şansına malik olsa da, yarışın sonlarına yaxın Mayk Rokenfellerin hücumlarına davam gətirə bilməyib və podiuma qalxmaq şansını itirib. Marko Vittmannın ardınca onun komanda yoldaşı Filipp Enq beşinci olaraq finiş xəttini keçib. İlk onluğu Loik Dyüval, Pietro Fittipaldi (hər ikisi Audi), Coel Eriksson, Bruno Spenqler (hər ikisi BMW) və Ceymi Qrin (Audi) tamamlayıb.