Nissan şirkəti Ariya elektrik krossoverinin transmissiyasını və bir nəfərlik yarış avtomobilinin şassisini birləşdirən Ariya Single Seater Concept konseptini təqdim edib. Nissan mütəxəssisləri konsept üzərində işləyərkən avtomobil idmanından, xüsusən də Formula E çempionatından və Ariya modelinin dizaynından ilham alıblar. Nəticədə, ortaya çıxan konsept krossoverin “içalatı” ilə nələər etmək mümkün olduğunu nümayiş etdirməklə yanaşı, həm də brendin gələcək elektromobillərinin görünüşünə işarə edir.

Ariya Single Seater Concept konsepti gələcəyə həsr olunmuş Nissan Futures tədbirində təqdim edilib - yaponlar gələcəyi yüksək səviyyəli muxtariyyətə malik olan ağıllı elektrik avtomobillərində görürlər.

Ariya krossoveri ilə oxşarlıqları konseptin iki V-şəkilli diod zolağın bəzədiyi ön hissəsində görmək olar - bu, krossoverin trapesiyaşəkilli barmaqlığına işarədir. Dizaynerlər, yüngül karbon lifindən hazırlanmış çoxsaylı aerodinamik elementləri olan kuzova Ariya modelinin hamar xətlərini verməyə çalışıblar. Konsept eyni zamanda krossoverdən bürünc rəngi də götürüb.

Ariya Single Seater Concept trek sportkarının dizayn üslubu şirkət tərəfindən “zamansız yapon futurizmi” kimi təsvir edilir. O, yapon dilində shan (駿) və sho (翔) sözlərinə əsaslanır ki, bu da müvafiq olaraq “sürətli, yüngül qaçış” və “zərif süzmə” mənasını verir.

Güc qurğusuna gəldikdə, şou avtomobili Ariya modelindən iki elektrik mühərriki olan variantı götürüb - böyük ehtimalla bu, 394 at qüvvəsinə malik olan top e-4orce Performance aqreqatıdır. Mühərriklər seriya krossoverini 100 km/saata 5,1 saniyəyə sürətləndirir, maksimal sürət isə 200 km/saatdır. Konseptin göstəriciləri açıqlanmayıb.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nissan bu həftənin əvvəlində, 23 modeldən ibarət yeni “yaşıl” elektrokarlar ailəsinin çarcısı olan dörd konsept avtomobilini nümayiş etdirib. 2030-cu ilə qədər buraxılacaq 23 modeldən onbeşi elektromobil və səkkizi isə hibriddir. Chill-Out krossoveri “canlı” olaraq təqdim edilən yeganə modeldir, qalan avtomobillər isə renderlərdən ibarətdir. Onların seriya avtomobillərinə çevrilib-çevrilməyəcəyi hələlik sual altındadır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.