Bu gün Nissan şirkəti əfsanəvi Z sportkarının yeni nəslini təqdim edib. Bir sıra istehsalçıların ucuz sportkarlardan imtina etdiyi bir vaxtda, Nissan şirkəti Z sportkarının yeni nəslini buraxmaqdan çəkinməyib. Əfsanəvi sportkarın tarixi yarım əsrdən çoxdur: ilk Nissan 240Z kupesi 1969-cu ildə debüt edib və o vaxtdan bəri altı dəfə nəsil dəyişdirən sportkar 1,8 milyonluq tirajla buraxılıb.

Yeni nəslin təqdimatı ilə birlikdə, yapon istehsalçısı rəqəmsal indeksdən imtina etdiyini bildirib. Əksər  bazarlarda, o cümlədən ən vacib amerikan bazarında kupe Nissan Z qısa adı ilə satılacaqdır. Bununla belə, sportkar vətənində ənənəvi Nissan Fairlady Z adını qoruyub saxlayacaqdır.

Seriya kupesi, keçən il tərdim edilmiş Nissan Z Proto prototipini tam şəkildə təkrarlayır. Retro motivli dizayn konveyerə gedən yolda heç bir dəyişikliklərə məruz qalmayıb. Avtomobilin görünüşünün  yaradılması üzərində, şirkətin baş dizayneri kubalı Alfonso Albaisanın rəhbərlik etdiyi, lakin tamamilə  yapon mütəxəssislərindən ibarət olan dizaynerlər komandası işləyib. Ümumi siluet, fənərlərin forması və düzbucaqlı hava girişi ilk Nissan 240Z kupesinin yeni şərhidir. Arxa hissə və xüsusən də arxa fənərlər isə, 90-cı illərin 300ZX modeli üslubunda hazırlanıbdır.

Təkər bazasının daxilində yerləşən mühərriki olan arxa ötürməli FM platforması əvvəlki 370Z modelindəli ilə eynidir, hətta təkər bazasının ölçüsü də dəyişməyib  - 2550 millimetr. Ancaq ümumi uzunluq nəzərə çarpacaq dərəcədə artıb: 4265 millimetrə qarşı 4379 millimetr. Avtomobilin eni (1844 millimetr) və hündürlüyü (1316 millimetr) demək olar ki, dəyişməyib. Kupe standart olaraq 18-düymlük təkər diskləri ilə təchiz edilir.

İnteryer dizaynında retro motivlər üstünlük təşkil etmir. Nəsillər arasındakı əlaqəni kiçik mərkəzi hissəsi olan üçqollu sükan çarxı, ön panelin üzərindəki cihazlar üçlüyü (ilk 240Z modelindəki kimi) və qapılarda yerləşən havalandırma deflektorları (300ZX modelindəki kimi) nümayiş etdirir. Kupenin təchiz edildiyi 12,3-düymlük rəqəmsal cihazlar paneli üç təsvir rejiminə malikdir. Media sistemi – təchizatadan asılı olaraq 8,0 və ya 9,0 düymlük displey ilə təchiz edilir. Yeri gəlmişkən, ənənəvi mexaniki əl əyləci də qorunub saxlanılıb.

Lakin əsas inqilab kapotun altındadır. Sportkar, 3,7-litrlik V6 atmosfer mühərrikinin əvəzinə artıq Infiniti avtomobillərindən tanış olan 3,0-litrlik V6 VR30DDTT mühərriki ilə təchiz edilir. Turbogecikmələri azaltmaq üçün, mühərrik aşağı ətalətli yığcam kompressorlar ilə təchiz olunub. Yeni mühərrikin hasilatı 405 at qüvvəsi və 475 Nm fırlanma anıdır. Müqayisə üçün, əvvəlki mühərrik 337 at qüvvəsi və 365 Nm fırlanma anı təklif edirdi.

Standart olaraq, Nissan Z kupesi altı pilləli mexaniki transmissiya ilə təklif olunur. Əvvəlki yeddi pilləli avtomatık transmissiyanı isə,  Jatco firmasının doqquz pilləli “avtomatı” əvəzləyib. İki pedallı Nissan Z modeli transmissyanın sükanaltı dəstəklərinə malikdir. Sport rejimində, audiosistem mühərrik səsini dinamiklər vasitəsi ilə gücləndirir.

Avtomobilin şassisi eyni olsa da, ciddi şəkildə təkmilləşdirilib. Məsələn, sükanın hidrogücləndiricisi əvəzinə elektrik gücləndirici quraşdırılıb. İkiqollu ön asqı yeni geometriyaya və artan kastora sahib olub. Ön dayaqları birləşdirən gücləndirici çubuq artıq standart avadanlığa daxil edilib. Bütün təkərlərdə tək borulu amortizatorlar quraşdırılıb. Yenidən tənzimlənmiş şassi döngələrdə əvvəlki modelə nisbətən 13% daha çox köndələn sürətlənməni həyata keçirməyə imkan verir.

İlkin olaraq, Nissan Z kupesi baza modeldən bir sıra fərqləri olan Performance versiyasında təklif ediləcəkdir. Z Performance variantı disk kilidlənməsi olan differensial, daha sərt asqı, karbondan kardan valı, Bridgestone Potenza S007 şinləri taxılmış 19 düymlük disklər (standart Yokohama Advan Sport şinlərinin əvəzinə) və arxa spoyler ilə təchiz edilir.

"Avtomat" ilə təchiz edilmiş kupe launch control funksiyasına  və mexaniki trasmissiyaya  malik olan versiya isə, maksimal effektiv sürətlənməyə kömək edən oxşar Launch Assist sisteminə sahib olacaqdır . Bundan əlavə, öndə dörd porşenli, arxada isə iki porşenli mexanizmləri (adi halda  öndə iki, arxada isə tək porşenli) olan güclü əyləclər quraşdırılır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Nissan hələlik Z modelinin dəqiq dinamik xüsusiyyətlərini açıqlamasa da, 100 km/saata sürətlənmə müddətinin 15% azaldığını bildirir. Yəni, Nissan Z kupesi bu işə beş saniyədən az vaxt sərf etməlidir. Eyni zamanda, kupe avtomatik əyləcləmə sistemi də daxil olmaqla, elektron köməkçilər kompleksini  əldə edib.

Yeni Nissan Z modeli Yaponiya bazarında qışda satılmağa başlayacaqdır. Onun ABŞ bazarındakı satışlarına isə, 2022-ci ilin yazında başlanmalıdır. Ən maraqlısı odur ki, ABŞ-da satışa çıxarılan ilk modellər keçən ilki şou avtomobilinin üslubunda tərtibata malik olan Proto Spec versiyasında təklif ediləcəklər. Belə versiya sarı rəngli kuzova, eyni dekora və alternativsiz mexaniki transmissiyaya malik olacaqdırlar. Nizzan Z Proto Spec sportkarı 240 nüsxəlik məhdud saylı tirajla buraxılacaqdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.