Opel şirkəti Manta modelinin 50 illik yubileyini elektrik restomodunun inşası ilə qeyd edib. Klassik idman kupesindən ilham alınaraq yaradılmış Manta GSe ElektroMOD adlı konsept müasir elektronikaya, tamamilə “yaşıl” güc aqreqatına və donorunun mexaniki ötürmələr qutusuna sahib olub.

Restomod 70-ci illərdə buraxılmış Opel kupesinin yeni firma üslubunda dizayna sahib olan müasir təfsiridir. Konseptin ön hissəsində 2018-ci ildə nümayiş etdirilən, sonra isə seriya modellərində tətbiq olunmuş Vizor paneli quraşdırılıb. Manta GSe ElektroMOD konseptində bu panel inkişaf etdirilərək, qısa mətn ismarıclarını göstərə bilən Pixel Vizor rəqəmsal ekranına çevrilib.

Dizaynerlər konseptin kuzovunu parlaq sarı neon rənginə boyayıblar və xüsusi olaraq hazırlanmış 17-düymlük disklərini yerləşdirmək üçün təkər tağlarını bir qədər dəyişdiriblər. Bagaj qapağına alman markasının müasir şrifti ilə yazılmış Manta sözü vurulub.

Elektromobilin salonunda vahid paneldə birləşdirilmiş iki ekran var: virtual cihazlar panlinin 12-düymlük displeyi və multimedia sisteminin 10-düymlük ekranı. İnteryer də eksteryer kimi, alkantaradan istifadə edilmək lə qara və sarı rənglərdə tərtib edilib, idman oturacaqları isə “qaynar” Opel Adam S hetçbekindən götürülüb.

Kupenin kapotunun altında orijinal 1,6-litrlik mühərrikin əvəzinə 147 at qüvvəsi və 225 Nm fırlanma anı hasil edən elektrik mühərriki yerləşdirilib. Avtomatik rejimdə istifadəsi mümkün olan 4-pilləli mexaniki ötürmələr qutusu mühərrikin fırlanma anını arxa oxa ötürür.

Manta GSe ElektroMOD konseptinin mühərriki 31 kilovat-saatlıq litium-ion batareyasında qidalanır və dolu batareya ilə 200 kilometrə qədər yürüş məsafəsini təmin edir. Standart yükləmə qurğusundan istifadə edərək batareyanı dörd saata doldurmaq olar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Bu restomod yeganə nüsxədədir və gələcəkdə “qaynar” elektrokarların daxil olacağı GSe xəttinin yaradıcısı sayıla bilər. Ümumiyyətlə, Opel model çeşidinin tam elektrikləşdirilməsi 2024-cü ilə qədər başa çatdırılmalıdır. Hələlik isə alman markasının arsenalında Grandland X hibridi, Mokka-e, Corsa-e, Zafira-e Life, Combo-e və Vivaro-e elektrokarları mövcuddur.