Bir ay bundan öncə Opel Corsa modelinin altıncı nəsli qarşımıza elektrokar olaraq çıxmışdı. Bu gün isə, alman markası daxili yanma mühərrikləri ilə təchiz edilən versiyalar haqqında məlumat verib. Yeni Cora modelinin Peugeot 208 hetçbeki ilə eyni CMP modul platformasını bölüşdüyünü nəzərə alsaq, hər iki avtomobilin eyni mühərrik çeşidinə malik olduğunu anlamaq çətin deyil.
Beləliklə, Opel Corsa hetçbekləri standart olaraq 75 at qüvvəli 1,2-litrlik üçsilindrli atmosfer mühərriki ilə təchiz ediləcəkdir. Digər modifikasiyalar isə, bu aqreqatın 100 və 130 at qüvvəsi hasil edən turboversyaları, həmçinin 102 at qüvvəli 1,5-litrlik dördsilindrli turbodizel ilə təklif edilirlər.
Səkkiz pilləli avtomatik ötürmələr qutusu yalnız benzin turbomühərrikləri üçün nəzərdə tutulub: 100 at qüvvəli versiyada bu qutu ilə opsional, 130 at qüvvəli variantda isə standart olacaqdır. Atmosfer benzin mühərrikini 5-pilləli, turbomühərriklər isə 6-pilləli mexaniki ötürmələr qutusu ilə təklif ediləcəklər.
Zahiri cəhətdən DYM ilə təchiz edilmiş hetçbeklər elektrik versiyasından xırda cizgilər ilə seçilirlər. Məsələn, radiator barmaqlığının tərtibatı ilə. Corsa hetçbeki GS Line “idman” səviyyəsi də daxil olmaqla, dörd təchizat səviyyəsində təklif olunur. GS Line səviyyəsinə malik olan hetçbek aqressiv dizaynlı bamperləri, buraxılış sisteminin xüsusi çıxış boruları, iri spoyleri, “kəsilmiş” sükan çarxı və pedallardakı metal örtükləri ilə seçilir. Bundan başqa, Corsa GS Line hərəkət rejimlərinin Sport rejiminə də sahib olub.
Yeni Opel Corsa sələfindən o qədər də iri deyil. Avtomobilin uzunluğu 39 mm (4060 mm) artmiş, hündürlüyü isə 48 mm (1433 mm) azalmışdır. İndi surucu yola 28 mm yaxın oturur. Bundan başqa, Corsa üçqapılı kuzovdan məhrum olub və yalnız beşqapılı versiyada təklif edilir.
Yeni Opel Corsa hetçbekinin ən yüngül modifikasiyasının 980 kiloqram çəkiyə malik olduğu bildirilir. Bu nəticəni əldə etməyə əvvəlkindən 40 kiloqram yüngül olan yeni kuzov yardım edib. Bundan başqa, alüminimdan hazırlanmış kapot 2,4, ön oturacaqlar - 5,5, arxa oturacaqlar - 4,5, tamamilə alüminiumdan hazırlanmış mühərrik isə 15 kiloqram atmağa yardım edib. Əlavə olaraq, yeni izolyasiya materialları da çəkiyə qənaət etməyə imkan verib.
Opel nümayəndələri Corsa modelinin zəngin təchizata malik olduğunu söyləyirlər. Avtomobilin standart təchizatına virtual cihazlar paneli və multimedia sisteminin 7,0-düymlük ekranı, opsiyalar siyahısına isə, 10-düymlük genişformatlı ekranı olan multimedia sistemi, dəri salon, sükanın qızdırılması funksiyası, arxa görüntü kamerası, massaj funksiyalı ön oturacaqlar, avtomatik parklanma sistemi, adaptiv kruiz-kontrol və ItelliLux martisa fənərləri daxil edilib.
Almaniyada yeni Opel Corsa modelinə sifarişlər 1 iyul tarixindən qəbul edilir. Avtomobilin qiyməti 13990 avrodan başlayır. Bütün versiyalar satışa payız aylarında çıxacaqdırlar.