Toyota Yaris WRC avtomobilində çıxış edən Ott Tyanak və Martin Yarveoya Finlandiya Rallisinin qalibi olublar. Bu qalibiyyət eston heyətinin cari mövsümdə əldə etdikləri üçüncü qələbə olub. Üstəlik, Finlandiyadakı qələbə Tyanaka pilotlar birinciliyində rəqiblərindən hiss olunacaq dərəcədə uzaqlaşmağa imkan verib.

Yarışı ikinci və üçüncü yerlərdə yerli pilotlar Esapekka Lappi (Citroen) və Yari-Matti Latvala (Toyota)  bitiriblər. Şənbə gününün ikinci yarısında risq etməməyə üstünlük verən Latvala, bazar günü tempi artırmağa cəhd göstərib. Lakin, sonradan fin pilot bir neçə saniyə qazanmaq üçün bu cəhdin həddindən artıq risqli olduğunu etiraf etməli olub.

Pilotlar birinciliyində ikinci yeri tutan qüvvədə olan dünya çempionu Sebastyen Ojye Finlandiyada yüksək temp göstərə bilməyib və mərhələni beşinci olaraq bitirib. Bu səbəblə də, onunla Tyanak arasındakı xal fərqi 4-dən 17-yə yüksəlib.