Polestar 2 liftbeki bazara keçən ilin əvvəlində çıxıb, lakin bu günə qədər yalnız iki mühərrik ilə hərəkətə gələn ən bahalı tamötürəli versiyalarda satılıb. Elektrik güc qurğusunun maksmal hasilatı 408 at qüvvəsi və 660 Nm təşkil edir. 78 kilovat-saatlıq batareya sayəsində elektrokar WLTP dövrünə əsasən 450 kilometr qət edir.

Elektrik liftbekinin ətrafında yaranmış hay-küyün azalmağa başladığı anda, şirkət bazara daha sadə variantları çıxarmaq qərarına gəlib. İki sadə versiya təklif olunur və onların hər ikisi də, ön oxda yerləşdirilmiş yeganə elektrik mühərriki ilə təchiz edilirlər.

"Ortamənzilli" Polestar 2 Long Range liftbeki eyni 78 kilovat-saatlıq batareyaya, habelə 231 at qüvvəsi və 330 Nm fırlanma anı hasil edən elektrik mühərrikinə malikdir. Belə modifikasiyanın pasport üzrə yürüş ehtiyatı 515 kilometrdir.

Avropada Polestar 2 Long Range modelinin başlanğıc qiyməti 48.500 avrodur. Xatıradaq ki, ikimühərrikli elektrokar 51.500 avrodan başlayan qiymətlər ilə satılır.

Baza Standart Range versiyası 64 kilovat-saatlıq batareya ilə təchiz olunur, mühərrikin gücü isə 224 at qüvvəsinə (fırlanma anı eynidir) qədər azaldılıb. Bu modelin yürüş ehtiyatı 420 kilometrdir, qiyməti isə 45.500 avrodan başlayır. Müqayisə üçün, Tesla Model 3 elektrokarı Köhnə Dünyada  40 min avrodan başlayan qiymətlərlə satılır.

Polestar 2 liftbekinin bütün versiyaları eyni təchizata malikdirlər və vizual olaraq bir-birindən seçilmirlər. Elektrokarların təchizatına LED işıq texnikası, 19-düymlük təkər diskləri, virtual cihazlar paneli, habelə 12.3-düymlük ekrana və Android əməliyyat sisteminə malik olan media sistemi daxildir.

Ancaq bir nüans var: çeşidin genişləndirilməsi ilə yanaşı, bu vaxta qədər "bazaya" daxil olan avadanlıqların bir hissəsi opsional avadanlıqlar siyahısına keçirilib.

Məsələn, 3500 avroluq Pilot Pack dəstinə matrisa fənərləri, adaptiv kruiz-kontrol, dairəvi kameralar, kor nöqtələrə nəzarət funksiyası və digər köməkçilər daxildir. 4500 avroluq Plus Pack dəstinə panoram dam, Harman/Kardon səs sistemi, eko-dəri ilə üzlənmiş oturacaqlar, elektriklə tənzimlənən ön oturacaqlar, qızdırılan arxa divan və sükan daxil edilib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tərkibinə Öhlins amortizatorları, Brembo əyləcləri, 20 düymlük təkər diskləri və xüsusi dekor daxil olan Performance dəsti saxlanılıb, ancaq bu dəsti yalnız cüt mühərrikli avtomobillər üçün 6000 avro qarşılığında sifariş etmək olar.

Əgər elə də çox sayda olmayan tək opsiyaları nəzərə alsaq, ən bahalı Polestar 2 modeli demək olar ki, 70 min avroya başa gələcəkdir. Yenilənmiş modifikasiya çeşidi artıq sifarişlər üçün açıqdır. Xatırladaq ki, bütün Polestar 2 modelləri Çində, isveç markasının sahibi olan Geely holdinqinin zavodunda buraxılırlar.