Polestar şirkəti Qudvudda keçirilən Sürət Festivalında 2 nömrəli modelinin eksperimental versiyasını təqdim edib. Elektromobil, fastbəkin dizayn və məhsuldarlıq imkanlarını nümayiş etdirmək üçün ciddi şəkildə təkmilləşdirilib.

Hazırda ikimühərrikli Polestar 2 fastbəkinin güc qurğusu 408 at qüvvəsinin əvəzinə 476 at qüvvəsi hasil edir. Bundan başqa, elektrokar 10 millimetr genişləndirilmiş təkər izinə və 25 millimetr azaldılmış klirensə sahib olub. Eyni zamanda, avtomobildə daha sərt asqı yayları (öndə 80, arxada isə 30 faiz), tənzimlənən Öhlins amortizatorları (30% daha sərt), fərqli təkər tağları və Pirelli PZero Rosso şinləri taxılmış 21-düymlük diskləri və altıporşenli Akebono ön əyləc mexanizmləri quraşdırılıb.

Mexanik təkmilləşdirmələrə əlavə olaraq, elektrokar başqa ön və arxa bamperləri, yan ətəkləri, radiator barmaqlığı, qara rəngli güzgüləri və gümüşü Magnesium Matte zolağı olan tutqun Snow Matte ağ rənginə boyanmış kuzovu ilə fərqlənir. Təkmilləşdirilmiş elektromobil festivalda nümayiş etdirilməklə yanaşı, yüksək sürətlə təpəyə qalxmaq yarışında da iştirak edəcəkdir. Elektrokarın sükanı arxasında şirkətin aparıcı mühəndislərindən biri olan Yoakim Ridholm əyləşəcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Seriya Polestar 2 modelinin istehsalına keçən il başlanılıb. Çində istehsal edilən avtomobil buradan Avropa və Şimali Amerikaya göndərilir. Fastbək, ümumi hasilatı 408 at qüvvəsi 660 Nm fırlanma anı iki elektrik mühərriki ilə təchiz edilir. Elektrokar 100 km/saat həddini toplamağa 4,7 saniyədə sərf edir. Pasportda modelin  yürüş ehtiyatının 500 kilometr olması göstərilsə də, reallıqda bu rəqəm bir qədər azdır.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.