DTM çempionatının Brənds Hətç avtodromunda keçirilmiş 12-ci yarışının qalibi Audi pilotu Rene Rast olub. Onunla birlikdə podiuma komanda yoldaşları Niko Müller və Robin Frayns qaxıblar. Bu qələbə sayəsində Rene Rast ən yaxın rəqibi olan Niko Müller ilə xal fərqini 37 xala qədər artırıb.

Qırmızı işıqların sönməsi ilə güclü start alan Loik Dyüval qısa müddətə liderliyə yüksəlib. Lakin, Rene Rast ona uzaqlaşmağa imkan verməyib və birinci dövrədə hücum edərək liderliyə yüksəlib. Bundan sonra Rast inamlı şəkildə yarışa başçılıq edib. O, pit-stoplardan sonra da liderliyini qoruyub və sonunda finiş xəttini birinci keçib. 

Rastı üçün əsas təhlükə mənbəyi onu təqib edən Niko Müller olub. Lakin, isveçrəli pilotun pit-stopda problem yaşaması Rastın işini bir qədər asanlaşdırıb. Altıncı yerdən start alan Müller əla pilotaj sayəsində rəqiblərini keçərək yarışı ikinci bitirməyi bacarıb.

BMW pilotları arasında ən uğurlu çıxış edən Filipp Enq olub. O, pit-stopu maksimum uzadaraq, yarışın sonunda yeni təkərlər sayəsində Audi pilotu Mayk Rokenfelleri keçib. Bununla belə, avsrtiyalı pilot Loik Dyüvalın müqavimətini qıra bilməyib və yarışı beşinci olaraq bitirib.

Mayk Rokenfeller yarışı altıncı, Şeldon van der Linde (BMW) isə yeddinci bitirib. İlk onluğu  Daniel Hunkadelya, Ceyk Dennis (hər ikisi Aston Martin) və Marko Vittmann (BMW) tamamlayıb. 

Böyük Britaniyadan sonra DTM çempionatı Almaniyaya yollanır. Çempionatın son üç mərhələsi bu ölkədə keçəcəkdir. Növbəti mərhələ 23-25 avqust tarixlərində Lauzitsrinqdə keçiriləcəkdir.