Şənbə günü Nürburqrində keçirilən 15-ci yarışın qalibi Audi komandasının alman pilotu Rene Rast olub. Pouldan start alan İnqolştadt təmsilçisi təqibçilərindən uzaqlaşaraq, rahat şəkildə finiş xəttini birinci keçib. Onunla birlikdə podiuma BMW komandasının pilotları Bruno Spenqler və Marko Vittmann qalxıblar.

Rene Rastın əsas rəqibi olan Niko Müller (Audi) isə, Nürbirqrinqdəki ilk yarışda uğursuzluğa düçar olub. Qırmızı işıqların sönməsini gözləmədən irəli atılan isveçrəli hakimlər tərəfindən cəzalandırılıb və nəticədə peletonun sonuna düşüb. Bu da azmış kimi, komanda iki pit-stop taktikasını seçərək, Nikonu xal toplamaq şansından məhrum edib. 

Qeyd etmək lazımdır ki, bu yarışda Audi komandasının dubla imza atmaq şansı vardı. Mayk Rokenfeller ilk sıradan start alan Bruno Spenqleri üstələməyə müvəffəq olsa da, yarışın sonlarına yaxın texniki nasazlıq səbəbindən mübarizəni dayandırmalı olub. Nəticədə, ikincilik Brunoya keçib. Marko Vittmann isə, üçüncülük uğrunda Ceymi Qrin ilə mübarizə aparmalı olub. Ümumiyyətlə, Nürburqrinqdə keçirilmiş birinci yarış pilotlar arasında gərgin mübarizələrlə yadda qalıb.

15-ci yarışdan sonra Niko ilə Rene arasındakı xal fərqi 47 xala qədər artıb. Son üç yarışda ortada 75 xalın olduğunu nəzərə alsaq, çempionluq uğrunda mübarizənin Rene Rast və Niko Müller arasında gedəcəyini əminliklə söyləımək olar. Pilotlar birinciliyində üçüncü yerdə qərarlaşan Marko Vittmannın liderdən 80 xal geridə qalması onun çempionluq şanslarını 0 endirib.