“Şimali Amerikanın avtomobili, krossoveri və pikapı” (NACTOY) müsabiqəsinin münsiflər heyəti üç kateqoriyada olan qalibləri elan edib. İlin ən yaxşı minik avtomobili yeddinci nəsil Hyundai Elantra modeli, ən yaxşı krossoveri - Mustang Mach-E elektrik krossoveri, ən yaxşı pikapı isə, Ford F-150 modeli seçilib.

Münsiflər heyətinin üzvləri öz seçimlərinə şərh də veriblərlər. Məsələn, Hyundai markası, digər avtomobil istehsalçılarından fərqli olaraq, sedanlardan nəinki imtina etməyib, hətta onların geniş çeşidini təklif edir. Buna nümunə kimi, Elantra sedanı göstərilir. Hyundai Elanta modeli finala Genesis G80 ilə birlikdə çıxıb və ona qalib gəlməyi bacarıb.

Ford şirkətini Mustang loqosunu krossoverə qoymaq riskinə görə tərifləyiblər. Qeyd etmək gərəkdir ki, bu risk özünü doğruldub. Bu kateqoriyada, Mustang Mach-E krossoveri Genesis GV80 və Land Rover Defender ilə mübarizə aparıb.

Münsiflər heyətinə görə, ABŞ-da ən populyar model və "Ford tacındakı inci" olan F-150 pikapının qələbəsi olduqca gözlənilən idi. NACTOY münsiflər heyətinin üzvü Jon Folker, “Ford, artıq özünü təsdiqləmiş modeli daha da yaxşılaşdırıb” - söyləyib. - “Bu modeldə funksiyaların, imkanların, rahatlığın və üslubun düzgün vəhdəti vardır. Onun əlavə üstünlüyü isə, sinifindəki ilk hibrid güc aqreqatıdır”. Ford F-150 modelinin əsas rəqibləri Jeep Gladiator Mojave və Ram 1500 TRX pikapları olub.

Keçən il Şimali Amerikanın ən yaxşı avtomobili Corvette Stingray C8, krossoveri - Kia Telluride, pikapı isə Jeep Gladiator seçilmişdi.