Skoda şirkəti kütləvi debütü Paris avtosalonunda keçiriləcək Vision RS konsept avtomobilini xüsusi tədbirdə təqdim edib. Bu tədbirdə həmçinin "qaynar" Kodiaq RS krossoveri də media nümayəndələrinə nümayiş etdirilib.
Konseptin qabarit uzunluğu 4356 millimetr, eni - 1810 millimetr, hündürlüyü – 1431 millimetr, təkər bazasının genişliyi isə 2650 millimetrdir. Qabaritlərinə görə konsept Rapid modelindən 127 millimetr uzundur. Konseptin təkər bazası isə Octavia modelindən 30 millimetr qısadır. Vision RS modeli 430 litrlik baqaj bölümünə malikdir.
Gələcək RS modellərinin və yeni nəsil Rapid modelinin dizayn üslubunu nümayiş etdirən prototip 150 at qüvvəli 1,5-litrlik turbomühərrikin bazasında yaradılmış hibrid güc qurğusu ilə hərəkətə gəlir. Qurğunun tərkibinə elektromotor və 13 kilovat-saatlıq litium-ion batareyaları daxildir. Hibrid qurğunun ümumi hasilatı 245 at qüvvəsi təşkil edir.
Vision RS 100 km/saat həddini 7,1 saniyəyə toplayır. Onun maksimal sürəti 210 km/saatdır. Elektrik ötürməsi ilə hetçbek 70 kilometr məsafə qət edir. Batareyaların məişət şəbəkəsindən doldurulmasına 2,5 saat tələb edilir.
Prototip Amazon Alexa səs yardımçısı olan multimedia sisteminə, işıqdiodlarından fənərlərə, 20-düymlük təkər disklərinə, həmçinin karbondan hazırlanmış kandar, güzgü gövdələrinə və spoylerə sahibdir.