Hongqi brendinin ən dəbdəbəli modelləri indi ayrıca Golden Sunflower (“Qızıl Günəbaxan”) ailəsinə ayrılıb, “standart çeşidin” yuxarı hissəsində isə, uzunluğu 5137 millimetr olan tanış Hongqi H9 sedanı qalıb. Sedan 2020-ci ildən Çində istehsal olunur və artıq onun yenilənməsinin tam vaxtıdır: restaylinqdən keçmiş H9 sedanı Pekin avtosalonunda nümayiş etdirilib.

Hongqi H9

Zahiri dəyişikliklər nəzərəçarpan deyil, amma əslində demək olar ki, bütün kuzov dəsti dəyişdirilib. Yeni bamperlər peyda olub, radiator barmaqlığı fərqli bir naxışı alıb və onun işıqlandırılan haşiyəsi çərçivənin daxili konturu boyunca deyil, xarici konturu üzrə uzanır. Yeni matrisa fənərlərin hər birində iki min piksel var. Təkər disklərinin dizaynı da dəyişdirilib. Sedan üçün 19 və ya 20 düymlük disklər təklif olunur.

Hongqi H9

Arxa fənərlər artıq OLED texnologiyadan istifadə edilməklə hazırlanır və onların hər birində yenilənmədən əvvəlki sedandakı 20 LED-in əvəzinə 256 LED var. Bu matrisa beş işıq naxışından birini seçməyə imkan verir - bunun üçün media sisteminin menyusunun ayrıca bəndi var. İndi Hongqi H9 modelini idman paketi ilə də sifariş etmək olar. Bu dəstə qara örtmələri olan başqa bamperlər, qara rəngli 20-düymlük təkər diskləri və ön qanadlarda qırmızı dekor (baza versiyasındakı gümüş əvəzinə) daxildir. Üstəlik, yalnız idman versiyasında irəli çıxan qapı tutacaqları var – qalan versiyalarda ənənəvi tutacaqlar var.

Hongqi H9

Salon, sükan və qapı kartları da daxil olmaqla, tamamilə yenidən işlənib. Cihazlar panelinin və media sistemin ekranları (hər biri 12,3 düym) artıq ön panelə inteqrasiya edilməyib, onun üstündə quraşdırılıb. Mərkəzi konsol və fırlanan düymələr də yoxa çıxıb, baxmayaraq ki, iqlimə nəzarət sisteminin funksiyalarını idarə etmək üçün analoq düymələr bloku yerində qalıb. Havalandırma sisteminin deflektorları indi axının istiqamətini dəyişdirmək üçün elektrik ötürməsi ilə idarə olunur.

Hongqi H9 Sport

Hongqi H9 modelinin baza versiyasının oturacaqları süni dəri ilə üzlənib, bahalı versiyalarda isə, nappa dərisindən istifadə olunur. Yalnız orijinal dəri ilə üzlənmiş avtomobillər üçün arasında böyük konsol olan  ikinci sıranın ayrıca oturacaqları mövcuddur.

Hongqi H9 Sport

Restaylinq zamanı mühərrik çeşidinə yenidən baxılacağı gözlənilirdi, lakin vəd edilmiş 1,8 (224 at qüvvəsi) və 2,5 litrlik (303 at qüvvəsu) turbomühərriklər hələ də peyda olmayıblar. İlkin konfiqurasiya eynidir – bu, 48 voltluq startyor-generatoru olan 2,0-litrlik “turbodördlük” (252 at qüvvəsi, 380 Nm), yeddi pilləli preselektiv "robotu" və yalnız arxa ötürməsi olan sedandır. Maksimal sürət 230 km/saat, ilk “yüzləyə” sürətlənmə isə, 7,3 saniyədir.

Hongqi H9 Sport

3,0-litrlik V6 turbomühərriki də təkmilləşdirilib - onun hasilatı 283 at qüvvəsi və 400 Nm-dən 337 at qüvvəsi və 445 Nm-ə artırılıb. Bununla belə, onun hələ də hibrid üstqurumu yoxdur. Altısilindrli sedanlarda “robot” əvəzinə klassik səkkiz pilləli “avtomat” quraşdırılır. Üstəlik, ötürmə növünü (arxa və ya tam) semək də mümkündür. 100 km/saat sürətlənmə vaxtı müvafiq olaraq 6,4 və 6,5 saniyə, maksimal sürəti isə, 250 və 245 km/saatdır. Nəhayət, V6 mühərriki olan avtomobillərdə adaptiv amortizatorları olan pnevmatik asqı var (2,0-litrlik versiyalarda adi yaylar var).

Hongqi E702

Təkmilləşdirilmiş Hongqi H9 sedanlarına artıq Çində sifarişlər qəbul olunur. Yerli qiymətlər 330 mindən 540 min yuan (46-75 min dollar) arasında dəyişir. H9 modelinin təkamülünün növbəti mərhələsi isə, elektrik versiyasının debütü olacaq. Pekin avtosalonunda belə sedan Hongqi E702 adlı konsept-kar formasında təqdim edilib.

Hongqi E702

Elektromobilin kuzov dəsti və işıqlandırma texnikası yenidən işlənib, dekor sadələşdirilib, yan güzgülər kameralarla əvəzlənib, 21-düymlük təkər diskləri quraşdırılıb. Ancaq kuzov tanınandır. Təəssüf ki, hələlik heç bir texniki məlumat verilməyib. Seriya versiyası ilin sonuna qədər işıq üzü görməlidir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.