Toyota və Subaru şirkətləri elektromobil seqmnetini mənimsəyən istehsalçılar arasında geridə qalanlardandırlar. Buna görə də, hər iki istehsalçı elektromobil yaradılması üçün öz güclərini birləşdiriblər. İki həftə bundan öncə Toyota şirkəti bZ4X krossoverini təqdim edib. İndi isə, növbə bu krossoverin Subaru emblemini daşıyan versiyasına, yəni Solterra modelinə gəlib çatıb.
Solterra adı latın Sol (“Günəş”) və Terra (“Yer”) sözlərinin birləşməsindən yaranıb və Toyota krossoverinin təklif etdiyi indeksdən daha yaxşı səslənir. Subaru Solterra modelini ölçülərinə görə, hazırki Toyota RAV4 və Subaru Forester modelləri ilə müqayisə etmək olar.
Solterra modelinin uzunluğu 4690 millimetr, eni - 1860 millimetr, hündürlüyü isə 1650 millimetrdir. Lakin 2850 millimetrə qədər uzadılmış təkər bazası sayəsində elektrik krossoveri başqa nisbətlərə malikdir. Solterra modelinin bəyan edilmiş klirensi 210 millimetrdir.
Zahiri cəhətdən Subaru elektrokarı Toyota bZ4X modelindən başqa işıq texnikası və ön hissənin dizaynı ilə fərqlənir. Maraqlıdır ki, Subaru dizaynerləri krossoveri ayrı yerləşdirilmiş duman əleyhinə fənərlər ilə təchiz ediblər. Xatırladaq ki, Toyota krossoverində belə fənərlər yoxdur.
İnteryerdəki fərqlər demək olar ki, çox cüzidir və xırda dekorla məhdudlaşır. Qeyd etmək lazımdır ki, Solterra modelinin şturvalla təchiz edilmiş versiyası olmayacaqdır: damdakı günəş panelləri ilə yanaşı, “naqillər” ilə işləyən sükan idarəetməsi Toyota modelinin imtiyazıdır.
Qalan sahələrdə krossoverlər eynidir. Solterra modelinin e-SGP (e-Subaru Global Platform) adlanan platforması müasir tələblərə uyğun olaraq yaradılıb: onun yığcam unifikasiya edilmiş mühərrik modulları (quraşdırılmış inventor və reduktorlar ilə) var, döşəmənin altında yerləşən batareya isə, kuzovun güc strukturuna inteqrasiya edilib.
Ön tərəfdə McPheron dayağı, arxada isə ikiqat köndələn qolları olan asqı quraşdırılır. Subaru mühəndislərinin ən böyük töhvəsi firma X-Mode ofroud rejimi olan tam ötürmə sisteminin tənizmlənməsidir.
Subaru markasının bütün dünyada tam ötürmə sistemi ilə assosiasiya edilməsinə baxmayaraq, Solterra krossoverinin ön ötürməli versiyası da olacaqdır. Belə versiya 204 at qüvvəli bir elektrik mühərrikinə malikdir. Maraqlıdır ki, tam ötürməli versiya o qədər də güclü deyil – onun hər biri 109 at qüvvəsi hasil edən iki eyni mühərriki (hər oxda biri) var. Bu ümumilikdə 218 at qüvvəsi edir.
Hər iki modifikasiya tutumu 71,4 kilovat-saat olan batareya ilə təchiz edilir. İşləmə gərginliyi 335 voltdur, daimi cərəyan terminalından yükləmənin maksimal gücü isə 150 kilovatdır. Batareyanın 80 faizinin doldurulmasına yarım saat gərəkdir. 1930 kiloqram çəkisi olan ön ötürməli krossover WLTP dövrünə əsasən 530 kilometr (Toyota modelində 500 kilometr), 2020 kiloqram ağırlığı olan tam ötürməli versiya isə 460 kilometr məsafə qət etməlidir.
Çox güman ki, Subaru və Toyota markaları altında buraxılan krossoverlər şassi və güc qurğusunun incə tənzimləmələri ilə fərqlənəcəkdirlər, lakin şirkət bu barədə məlumat verməyib. Elektromobillər Yaponiya və Çindəki zavodlarda istehsal ediləcəklər. Onların çardırılmasına 2022-ci ilin ortasında başlanmalıdır. Solterra modeli üçün əsas bazarlar Yaponiya, ABŞ, Kanada, Avropa və Çin olmalıdır.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.