Tesla şirkəti 2021 -ci ilin ikinci rübündə əldə etdiyi maliyyə nəticələrini açıqlayıb. Şirkətin tarixində ilk dəfə olaraq, əldə etdiyi xalis mənfəətin həcmi bir milyard dolları keçib! Üstəlik, bu rüb, Tesla şirkətinin ardıcıl olaraq müsbət nəticə ilə başa vurduğu səkkizinci rübdür. Qeyd etmək gərəkdir ki, bu qazanca, karbon qazı emissiyası kvotasının digər istehsalçılara satışından əldə edilən vəsaitlər daxil deyil.

Amerikan şirkətinin ikinci rübdə əldə etdiyi ümumi gəlir 11.96 milyard dollar, bir səhm üzrə mənfəəti isə 1,45 dollar olub. Şirkət nümayəndələri bu ilin ikinci rübündə, ilk dəfə olaraq, 200 mindən çox avtomobilin satıldığını açıqlayıblar. Dünya üzrə alıcılara 19.360 adəd Model 3 və Model Y, 1.890 ədəd Model S və Model X elektrokarları çatdırılıb. Sonuncu modellərin satışının azalmasına, onların istehsalının altı ay müddətində dayandırılması səbəb olub. Bu müddət ərizndə Tesla yenilənmiş Model S və Model X modellərinin istehsalına başlamaq üçün hazırlıq işlərini aparıb.

Tesla Cybertruck

Buna baxmayaraq,  yeni modellərin istehsalının başlanması da gecikir. Əsas səbəb,yeni 4680 hüceyrəli batareyaların tam həcmli istehsalı üçün lazım olan uzun və çətin hazırlıq prosesidir. Tesla hazırda yeni batareyaları Kaliforniyadakı ayrıca fabrikdə istehsal edir, lakin onların istehsal həcmi hələlik çox azdır. İlon Maskın bildirdiyinə görə, istehsal proseslərinin yalnız 10 faizinin optimallaşdırılması işləri qalıb. O həmçinin, yeni batareya bloklarının qəza testlərindən uğurla çıxdığını da qeyd edib.

Yeni akkumulyatorların istehsalını mənimsəməklə yanaşı, Tesla şirkətinin qarşısında duran vacib vəzifələr arasında Ostin (ABŞ, Texas) və Berlindəki (Almaniya) yeni zavodlarının inşasının başa çatdırılması da var. Hər iki zavod bu ilin sonuna qədər fəaliyyətə başlamalıdır. Yeni zavodların buraxacağı ilk elektrokarlar yeni batareyalar ilə təchiz edilmiş Tesla Model Y krossoverləri olacaqdır. Yalnız bundan sonra, şirkət yeni modellərin buraxılması üçün gərək olan hazırlıqlara başlayacaqdır.

Tesla Semi

Bütün bunlar Tesla Cybertruck pikapının və uzunmənzilli Tesla Semi yedəkçisinin bazar debütünün ən azından 2022-ci ilə qədər təxirə salınacağından xəbər verir. Xatırladaq ki, Cybertruck modeli 2019-cu ilin payızında debüt edib və onun 2021-ci ilin sonlarında müştərilərə çatdırılması planlaşdırılırdı. Tesla şirkəti Sema yük avtomobilinin ilk prototipini 2017-ci ildə göstərərək, ilk seriya avtomobilinin satışının 2019-cu ildə başlayacağını vəd etmişdi. O vaxtdan bəri istehsalın başlaması bir neçə dəfə təxirə salınıb və cari təxirə salınmanın sonuncu olmadığını düşünürük.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.