Bir müddət bundan əvvəl The Grand Tour şousunun növbəti epizodlarından birinin Azərbaycanda çəkiləcəyini bildirmişdik. Artıq şounun çəkilişlərinin bir hissəsi Azərbaycanın bölgələrində həyata keçirilibdir və final çəkilişlərin aparılması üçün yaradıcı heyət Bakıya gəlibdir.
Bu gün isə şounun aparıcıları Ceremi Klarkson, Riçard Hammond və Ceyms Mey ilə Heydər Əliyev Mərkəzində görüş keçirilib. Görüşdə Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, "Autograph" jurnalının direktoru Ramin Musayev, şoumen Murad Dadaşov və Iteca Caspian şirkətinin icarçı direktoru Fərid Məmmədov iştirak edib.
Qonaqlar Heydər Əliyev Mərkəz ilə tanış olduqdan sonra, retro avtomobillərin nümayiş etdirildiyi sərgiyə də baş çəkiblər. Burada nümayiş etdirilən avtomobillər qonaqları heyran edib. Onlar, Bakıda belə bir kolleksiya ilə qarışılaşacaqlarını gözləmədiklərini söyləyiblər. Hətta, Ceremi Klarkson özünün Instagram sosial şəbəkəsindəki səhifəsində Mərkəzin şəkilini dərc edərək "Mənim dünyada ən çox sevdiyim bina" sözlərini yazıb.
Yuxarıda qeyd etdiyimiz kimi, The Grand Tour şousunun çəkiliş heyəti ölkəmizin müxtəlif bölgələrində çəkilişlər aparıblar. Onlar bir günlük Gəncə şəhərinə baş çəkiblər və şəhərin onları valeh etdiyini bildiriblər. Bu gün çəkiliş qrupu Neft Daşlarında çəkilişlər aparacaqdır. Sabah isə, Azərbaycan Avtomobil Federasiyasının yardımı ilə çəkilişlər Bakının mərkəzində həyata keçiriləcəkdir. Bu məqsədlə səhər saat 5-dan 10-a qədər Hilton mehmanxanasında Bayraq meydanına kimi olan ərazi hərəkət üçün bağlanacaqdır.