İspaniyanın 77km.com nəşri yeni Toyota Supra GR-ni “sığır testi” sınaöından keçirib. İdman avtomobili 77 km/saat sürəti ilə kəskin manevrlərin öhdəsindən gəlib. Doğrudur, sportkar üç cəhddən yalnız birində bu tapşırığı uğurla yerinə yetirməyə müvəffəq olub. Müqayisə üçün, Porsche 911 Carrera 4S modeli 80 km/saat, BMW 3 Series universalı isə 78 km/saat sürətini qeydə alıb.
Çətinliklərin səbəbi, Supra modelinin sürət həddindən asılı olaraq dəyişən nisbətə malik olan sükan mexanizmidir. Sürücünün qeyd etdiyi kimi, idarəetməyə uyğunlaşmaq dərhal mümkün olmayıb və bunun üçün müəyyən müddət gərək olub. Lakin, sonunda idman avtomobili heç bir konusa dəymədən sınaqdan 77 km/saat sürəti ilə keçib.
Daha yüksək sürətlərdə cəhdlər uğursuz olub: avtomobilin arxa tərəfi qeyri-sabitlik nümayiş etdirib və sürüşərək zolaqdan çıxıb. Bununla belə, Toyota GR Supra modeli “slalomu” səhvsiz qət edib.
Supra modelinin göstərdiyi ümumi nəticəsi jurnalistlər tərəfindən yaxşı qəbul edilsə də, onun sükanın çox “əsəbi” olduğu və idman kupesi üçün kifayət qədər həssas olmadığı bildirlir. Testdə səkkiz pilləli avtomatik transmissiya ilə tandemdə çalışan 340 at qüvvəli 3,0-litrlik altısilindrli turbomühərrik ilə təchiz olunmuş Supra GR modeli iştirak edib.
Avtomobillər üçün ən çətin sınaqlardan biri olan “sığır testi”, onların yüksək sürətdəki idarəolunma xüsusiyyətlərini yoxlamaq üçündür. Avtomobil yüksək sürətlərdə kəskin manevrlər edir və bu manevrləri konuslara toxunmadan həyata keçirməlidir. “Uğursuzluq” dedikdə, avtomobilin manevr edərkən sürüşməsi və ya xarici təkərlərə qalxması nəzərdə tutulur. Yaxşı nəticə dedikdə isə, avtomobilin bu sınağı ən azı 70 km/saat sürəti ilə keçməsi gərəkdir.
Ötən il yeni Toyota RAV4 modeli bu sınaqlarda uğursuzluğa düçar olmuşdu - krossoverin göstərdiyi ən yaxşı nəticə 68 km/saat olmuşdu. Elektron stabilizasiya sisteminin təkmilləşdirilməsindən sonra, krossover bu manevri 72 km/saat sürəti ilə həyata keçirmişdi.