Toyota şirkəti ABŞ bazarı üçün nəzərdə tutulmuş 2023-cü model ilinin Venza krossoverini təqdim edib. Krossover texnoloji cəhətdən daha müasir və təhlükəsiz olub, həmçinin qara dekoru olan dəbli versiyanı əldə edib. Əsas yeniliklər müasir multimedia sistemi və təkmilləşdirilmiş sürücüyə yardım sistemləridir. Qeyd etmək gərəkdir ki, 2022-ci ildə Venza modelinə olan tələbat nəzərəçarpacaq dərəcədə azalıb və istehsalçı yenilənmənin modelə olan marağı artıracağına ümid edir.

Doğma Yaponiya bazarında Harrier kimi tanınan Venza, yeni model ilinə keçidlə birlikdə, təchizat səviyyəsindən asılı olaraq, 8,0 və ya 12,3 düymlük sensorlu ekranı olan Toyota Audio məlumat-əyləncə sistemini əldə edib. Müasir multimedia sistemi Apple CarPlay və Android Auto tətbiqlərini dəstəkləyir, “havadan” yenilənir və səsli əmrləri tanıyır. Digər yeniliklər arasında smartfonlar üçün təkmilləşdirilmiş simsiz doldurma sistemi və USB-girişlər var.

Baza LE təchizat səviyyəsində daha böyük ölçülü ekran peyda olub. Limited təchizat səviyyəsinin avadanlıq dəsti yağış sensoru, 12,3-düymlük virtual cihazlar paneli ilə tamamlanıb, XLE versiyasındakı krossover isə, LED duman işıqları ilə təchiz edilib.

2023-cü model ilinin Venza krossoveri Toyota Safety Sense 2.5 təhlükəsizlik sistemləri kompleksini alıb. Toqquşmaları xəbərdar edən və piyadaların aşkarlanması sistemlərinin işi təkmilləşdirilib - indi onlar dönmə zamanı kəsişmələrdəki nəqliyyat vasitələrini və piyadaları tanıyırlar.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Dəbli “qaranlıq” xüsusi versiyasına gəldikdə, o, Nightshade adlandırılıb. Bu krossover adi Venza modelindən qaraldılmış radiator barmaqlığı, qara rəngli 19-düymlük təkər diskləri, xarici güzgü gövdələri və qapı tutacaqları ilə fərqlənir. Toyota Venza krossoveri əvvəlki kimi, ABŞ-da 2,5-litrlik dördsilindrli benzin mühərrikinə əsaslanan 222 at qüvvəli hibrid güc qurğusu ilə satılacaqdır.

2023-cü model ilinin Venza modelinin qiyməti hələlik açıqlanmayıb, lakin əvvəlki model ilinin krossoverini hazırda 33 200 dollardan başlayan qiymətlərlə almaq olar.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.